“Porsche” ağıllı saat təqdim etdi

11 Sentyabr 2022 17:16

"Porsche" İsveçrənin premium saat istehsalçısı "TAG Heuer" ilə birləşərək nəinki avtomobilə bənzəyən, həm də avtomobillə sinxronlaşa bilən ağıllı saat təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Connected Caliber E4" adlanan saat 45 mm-lik qara keramik bezel və qara titan qarışığından ibarət korpus alıb.

Mavi aksentlər saatın özəlliyinə çevrilib. "Porsche" şirkətinin məlumatına görə, mavi elementlər saatın həsr olunduğu "Taycan" elektromobilinə işarədir.

Saat "Google"un "Wear" əməliyyat sistemi ilə işləyir və nəinki smartfonla sinxronlaşdırıla, həm də istifadəçinin fiziki fəaliyyətini izləmək imkanı olan fitnes qolbağı rolunu oynaya bilir.

Saat "Porsche"dən əlavə funksiyalara malikdir. Cihaz avtomobillərin fərdi xüsusiyyətlərini idarə etmək üçün "Taycan", "Panamera", "Cayenne", "Macan", 911 və 718 modellərinin multimedia sistemi ilə sinxronlaşdırıla bilər.

Saatın qiyməti 2750 dollar təşkil edir ki, bu da iki premium brendin aksessuarı standartlarına görə nisbətən münasibdir.

Milli.Az