Vəkil Elçin Sadıqovun evində də axtarış aparıldı - YENİLƏNİB

10 Sentyabr 2022 23:09

23:09

Elçin Sadıqov saxlanılaraq dindirilmək üçün Baş Prokurorluğun İstintaq idarəsinə aparılıb.

Elçin Sadıqovun da ofisində və evində axtarış aparılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində saxlanılaraq dindirilir.

Bu barədə Əvəz Zeynallının dostları sosial şəbəkədə yazıblar.

22:28

Baş Prokurorluğun nümayəndələri vəkil Elçin Sadıqovun mənzilində axtarış aparıb. Bu barədə onun həyat yoldaşı Zibeydə Sadıqova məlumat verib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, prokurorluq əməkdaşları məhkəmə qərarını təqdim edərək E.Sadıqovun apardığı işlərlə bağlı sənədləri götürüblər.

Bundan başqa, onun həyat yoldaşı, həmçinin vəkil olan Zibeydə Sadıqovanın da apardığı işlərlə bağlı sənədlər götürülüb.

Z.Sadıqova prokurorluğun hərəkətlərini qanunsuz adlandırıb.

Qeyd edək ki, Baş Prokurorluq Xural TV-nin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun evlərində axtarış aparır.

Yada salaq ki, bu günlərdə Əvəz Zeynallının "Baku Steel Kompany"nin rəhbəri, hazırda məhkəməsi gedən Rasim Məmmədovun ailəsindən rüşvət almaq şübhəsi doğuran səs yazısı internet resurslarında yayılıb. Jurnalist özü isə canlı efirdə bildirib ki, həmin səs yazısında söhbət geri qaytarılacaq hansısa pul məbləğindən yox, əlində olan ifşaedici sənədlərdən gedir.

Elçin Sadıqov həm Rasim Məmmədovun, həm də Əvəz Zeynallının vəkilidir.

20:27

Baş Prokurorluq əməkdaşları tərəfindən vəkil Elçin Sadıqovun ofisində aparılan axtarış başa çatıb.

Vəkilin evindən sənədlər götürülüb.

Milli.Az