Bu kraliça ilə bağlı MARAQLI FAKTLAR: Heç vaxt ailə qurmadı, "bakirə-kraliça" titulu ilə fəxr etdi - FOTO

10 Sentyabr 2022 00:14

Onu pərilər kraliçası və İngiltərənin Janna Darkı adlandırırdılar.

Milli.Az həyatında bir dəfə də olsun ailə qurmayan və "bakirə-kraliça" titulu ilə fəxr edən kraliça I Yelizavet Tüdor haqda bəzi məlumatları oxucularına çatdırır.

Kraliça dəfələrlə qeyd edib ki, onun həyat yoldaşı İngiltərənin özüdür! Və övladları isə sadiq təbəələri. Onunla evlənməyə iddialı olanlar İngiltərənin bu və ya digər zaman kəsiyində hansı siyasət xəttini tutduğundan asılı olaraq dəyişirdi.

Alansonlu fransız hersoqla 10 ilə yaxın davam edən nişanı ərzində I Yelizavet ona gah ümid verir, gah da Fransanın opponentləri ilə siyasi oyunlara qoşularaq, özündən uzaqlaşdırırdı.

Xalq arasında bəziləri bu xanımın sonsuz, bəziləri isə çoxlu məşuqlarının olduğunu söyləyirdi.

Kraliça ilə ailə qurmağa iddialıların çox olduğuna baxmayaraq, zahirən o, eybəcər idi. 29 yaşında ikən çiçək xəstəliyi keçirdiyi səbəbindən başı dazlaşmış Yelizavet parik taxırdı. Həmçinin, onun istəyi ilə boyun nahiyəsindəki istənilən nöqsanları gizlədən hündür yaxalıqlar dəbə salınmışdı.

Hakimiyyəti dövründə quldurların İngiltərənin rifahı naminə ispan gəmilərini qarət etməsinə rəsmi olaraq icazə verilirdi. Beləcə, dövlət xəzinəsi artır, kraliça isə bunun qarşılığında dəniz quldurlarına müxtəlif cür titullar bəxş edir və keçmişdəki günahlarını bağışlayırdı.

I Yelizavetin hakimiyyət dövrü onun ölümündən sonra ideallaşdırıldı. Necə olursa-olsun, İngiltərənin qüdrətli dəniz dövlətinə çevrilərək, Avropanın siyasi arenasında qabaqcıl mövqelərdə olmasının səbəbkarı məhz 45 il hökm etmiş I Yelizavet olub.

Zaur Həsənəliyev
Milli.Az