Əməlisalehlərin yer üzündə varis olması

27 Sentyabr 2022 21:20

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

"Biz Zikrdən (Tövratdan) sonra Zəburda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar." (Ənbiya, 105).
İzah: Axırzamanda əməlisalehlərin hakimiyyətinə inam bütün səmavi dinlərin yekdil inancıdır. (Yaradılışın təkamül prosesinə də uyğun olan) bu inanc İslam dinində xilaskarın zühuru, şiə məzhəbində isə həzrət Mehdinin (ə) gəlişi ilə gerçəkləşir.

Bütün peyğəmbərlər və ilahi övliyalar əməlisalehlərə o həzrətin gələcəyi müjdəsini vermişlər. Yuxarıdakı ayəyə görə, Allah-Taala Tövratda və (həzrət Davudun (ə) səmavi kitabı olan) Zəburda möminlərə müjdə vermişdir ki, əməlisalehlər yer üzünə varis olacaqlar.

Yəni onlar hakimiyyəti digərlərindən miras alacaq, şövkət və məqam sahibi olacaqlar. Bu mətləb hələ də Müqəddəs kitabda - Əhdi-ətiqdə Davudun (ə) Zəburunda mövcuddur. Şiə rəvayətlərinə görə, əməlisalehlər dedikdə həzrət Mehdi (ə) və onun səhabələri nəzərdə tutulur.

Hədis: İslam peyğəmbəri (s): "Əgər dünyanın ömründən bir gün belə qalsa, Allah o günü o qədər uzadacaq ki, mənim soyumdan əməlisaleh bir kişi gəlsin və yer üzünü zülmlə dolduğu kimi ədalətlə doldursun." (Tusi, əl-Ğeybə, səh. 180).

Milli.Az