Borçalıda sensasion tapıntı..

8 Sentyabr 2022 21:02

Gürcüstanın Dmanisi rayonunun Orozmani kəndində (Oruzman - azərb.) arxeoloqlar beynəlxalq eskpedisiya zamanı 1,8 milyon il bundan əvvəl yaşamış insanın alt çənə sümüyünə aid diş tapılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Formula" telekanalı məlumat yayıb.

Ekspedisiyanın rəhbəri Giorgi Bidzinaşvili bildirib ki, Dmanisi ilə yanaşı, dünyanın elmi xəritəsində yeni bir nöqtə - Orozmani meydana çıxıb.

"Bunlar bizim məşhur ilk avropalılar Zezva və Mzia ilə eyni yaşdadırlar, Kobud desək, biz onların əmisi oğlunun dişini Orozmanidən tapdıq, bu diş qədim Avrasiya hominidlərinin Gürcüstanda yayılması ideyasını tamamilə dəyişdirdi", - Bidzinaşvili bildirib.

Onun sözlərinə görə, yeni kəşf Gürcüstan və Qafqazda elmi marağın canlanmasına səbəb olacaq. Üstəlik, ekspedisiya rəhbəri əmindir ki, çox yaxında Orozmani ən qədim avrasiyalıların məskunlaşdığı yer kimi elmi kitablara daxil ediləcək.

Milli.Az