Azərbaycandakı ev muzeyləri - İş günləri, qiymətlər

7 Sentyabr 2022 15:52

Uşaqdan böyüyə hər kəsin maraq göstərdiyi fəaliyyətlərdən biri də muzey ziyarətləridir. Müxtəlif məzmunlu muzeylər olduğu üçün hər kəsin zövqünə uyğun muzey tapmaq mümkündür. Yaşadığımız ölkədə və ya gəzmək üçün getdiyimiz şəhərlərdə çoxlu muzeylər görə bilərik. Bu yazımızda Azərbaycanda fəaliyyət göstərən məşhur "Ev Muzeyləri"ni və onların qiymətlərini araşdırdıq.

Üzeyir Hacıbəylinin Ev-Muzeyi (Bakı)

Giriş:

Yerli vətəndaşlar - 2 AZN

Uşaqlar, məktəblilər və tələbələr - 1 AZN

Xarici vətəndaşlar - 5 AZN

Fərdi ziyarətçilər üçün ekskursiya - 1 AZN

Qrup halında (15-20 nəfər) ziyarətçilər üçün ekskursiya - 3 AZN

Xarici vətəndaşlar üçün ekskursiya - 5 AZN

Üzeyir Hacıbəylinin ev-muzeyi 1975-ci ildə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə bəstəkarın 1915-1942-ci illərdə yaşadığı evdə yaradılıb. Muzey 4 otaqdan, şüşə salondan, kinoteatrdan və sərgi salonundan ibarətdir. Muzeydə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı şəxsi əşyaları da nümayiş etdirilir.

Əlaqə: (+994 12) 594-88-30,  (+994 12) 595 25 34

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 67/69

Niyazinin Mənzil Muzeyi (Bakı)

Giriş:

Yerli vətəndaşlar - 1 AZN

Fərdi ziyarətçilər üçün ekskursiya - 1 AZN

Uşaqlar - 1 AZN

Xarici vətəndaşlar - 3 AZN

Azərbaycan Musiqi Mədəniyyətinə öz töhfəsini vermiş, SSRİ xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin Mənzil Muzeyi 1994-cü ildən qapılarını ziyarətçilər üçün açmışdır. Maestro Niyazi 1958-ci ildən ömrünün sonunadək bu mənzildə yaşamışdır. 5 otaqdan ibarət Mənzil muzeyindəki otaqlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılmışdır. Digər 2 otaq isə ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Muzeydə Niyazinin həyat və yaradıcılığını, ictimai fəaliyyətini əks etdirən foto-şəkillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar nümayiş etdirilir.

Əlaqə: (+994 12) 493-18-36

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı şəhəri, Bülbül pr. 21, mən. 24

Tahir Salahovun Ev-Muzeyi (Bakı)

Giriş:

Yerli vətəndaşlar - 2 AZN

Məktəbəqədər uşaqlar - 0.20 AZN

Xarici vətəndaşlar - 4 AZN

Fərdi ziyarətçilər üçün ekskursiya - 6 AZN

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ və Azərbaycan Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi 2012-ci ildən fəaliyyət göstərir. Muzeydə rəssamın memorial əşyaları, yaradıcılıq məhsulu olan qrafika və yağlı boya nümunələri, onun ictimai fəaliyyətini əks etdirən foto şəkillər və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunur. Ümumilikdə muzeyin kolleksiyası 798 eksponatdan ibarətdir.

Əlaqə: (+994 12) 492-10-80, (+994 12) 492-62-67

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı şəhəri, İlyas Əfəndiyev k., "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu.

Vaqif Mustafazadənin Ev-Muzeyi (Bakı)

Giriş:

Yerli vətəndaşlar - 3 AZN

5 yaşa qədər uşaqlar - ödənişsiz

Saya uyğun olaraq tələbələrə güzəşt olunur.

Xarici vətəndaşlar - 5-10 AZN

Fərdi ziyarətçilər üçün ekskursiya - 5 AZN

Görkəmli bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR-nin əməkdar artisti Vaqif Mustafazadənin xatirə muzeyi 1989-cu ildən fəaliyyət göstərir. Muzeydə Mustafazadəyə aid fotoşəkillər, afişalar, qramvallar, müxtəlif sənədlər, rəsm əsərləri, məişət əşyaları və s. ibarət 1214 eksponat qorunub saxlanılır.

Əlaqə: (+994 12) 492-17-92

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı ş., Vaqif Mustafazadə döngəsi 4, mənzil 9, İçərişəhər.

Bülbülün Memorial Muzeyi (Bakı)

Giriş: Ödənişsiz

4 ekspozisiya otağından ibarət Bülbülün Memorial Muzeyi 1976-cı ildən fəaliyyət göstərir. Muzeydə Bülbülün orijinal əlyazmaları, qrammofon valları, fotoşəkilləri, qeydləri, kitabları, məişət əşyaları, sənət əşyaları və şəxsi əşyaları nümayiş etdirilir.

Əlaqə: (+994 12) 493-56-97

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı şəhəri, Bülbül prospekti 15.

Səməd Vurğunun Ev-Muzeyi (Bakı)

Giriş: Ödənişsiz

16000-dən çox eksponatlardan ibarət Səməd Vurğunun Ev-Muzeyi 1975-ci ildən fəaliyyət göstərir. Muzeydə Vurğunun xatirə əşyaları, orijinal fotoşəkillər, əlyazmalar, tədqiqat işləri, hədiyyələr, ötən illərin jurnalları və s. materiallar sərgilənməkdədir.

Əlaqə: (+994 12) 493-56-52

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı şəhəri, Tərlan Əliyarbəyov küçəsi 4.

Əzim Əzimzadənin Ev-Muzeyi (Bakı)

Giriş:

Yerli vətəndaşlar - ödənişsiz

Xarici vətəndaşlar - 5 AZN

2117 eksponatın qorunub saxlanıldığı Əzim Əzimzadənin Ev-Muzeyi 1968-ci ildə fəaliyyətə başlayıb. 6 otaqdan ibarət Muzeydə rəssamın çəkdiyi karikaturalar, portretlər, ornamentlər və mənzərələrdən ibarət əsərləri nümayiş etdirilir.

Əlaqə: (+994 12) 594-94-73

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küç. 157.

Cəlil Məmmədquluzadənin Ev-Muzeyi (Bakı)

Giriş: Ödənişsiz

Şərqdə ilk satirik jurnal olan "Molla Nəsrəddin"in yaradıcısı olmuş Cəlil Məmmədquluzadənin 5 otaqdan ibarət xatirə muzeyi ədibin ömrünün son illərini (1922 - 1932) yaşayıb yaratdığı binada yerləşir. Muzeydə ədibin həyatını əks etdirən tarixi eksponatlar nümayiş etdirilir.

Əlaqə: (+994 12) 492-24-09, (+994 12) 492-51-78

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı ş., Yasamal rayonu, Süleyman Tağızadə küç. 56.

Leopold və Mstislav Rostropoviçin Ev-Muzeyi (Bakı)

Giriş:

Yerli vətəndaşlar - 0.50 AZN

Xarici vətəndaşlar - 2 AZN

Fərdi ziyarətçilər üçün ekskursiya - 2 AZN

Xarici vətəndaşlar üçün ekskursiya - 5 AZN

1998-ci ildə yaradılan Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin əsas kolleksiyasında 5000-dən çox eksponat mövcuddur. Eksponatlar arasında Rostropoviçlər ailəsinə aid bir çox əşyalar qorunub saxlanılır. Dörd otaq və bir koridordan ibarət muzeydə fotoşəkillər, məktublar, avtoqraflar, konsert geyimləri, dirijor dəyənəyi, qrammofon qeydləri, mükafatlar və digər əsərlər sərgilənir.

Əlaqə: (+994 12) 492-02-65

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı şəhəri, Leopold və Mstislav Rostropoviç küçəsi 19.

Abdulla Şaiqin Ev-Muzeyi (Bakı)

Giriş: Ödənişsiz

1905-ci ildə qurulan Abdullah Şaiqin Ev-Muzeyi dörd otaqdan ibarətdir. Ümumilikdə, muzeydə yazıçının kitabları, fotoşəkilləri və şəxsi əşyalarından ibarət 4000-dən çox eksponat mövcuddur.

Əlaqə: (+994 12) 492 29 61

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı şəhəri, Abdulla Şaiq küçəsi 21.

Səttar Bəhlulzadənin Ev-Muzeyi (Bakı)

Giriş: Ödənişsiz

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Səttar Bəhlulzadənin Ev-Muzeyində rəssamın məşhur əsərlərinin reproduksiyaları, həmçinin rəssamın fırçaları, boyaları, müxtəlif illərin mətbuat səhifələri, elmi nəşrlərdə dərc olunan məqalələri, şəxsi və rəsmi fotoşəkilləri və s. eksponatlar yer alıb.

Əlaqə: (+994 12) 452-05-33

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı ş., Suraxanı r., Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küç. 5a.

Nəriman Nərimanovun Xatirə Muzeyi (Bakı)

Giriş: Ödənişsiz

1977-ci ildə açılan Nəriman Nərimanovun xatirə muzeyi 4 otaqdan ibarətdir. N.Nərimanov bu mənzildə ailəsi ilə birgə 1913-1918-ci illərdə yaşamışdır.

Muzeyin 1-ci otağında N.Nərimanovun uşaqlıq və gənclik illərinin, eləcə də ailə üzvlərinin fotoları, doğum və təhsil şəhadətnamələri, müəllimliyinin və ictimai fəaliyyətinin ilk dövrünü əks etdirən sənəd və fotolar, tərtib etdiyi dərsliklər, yaratdığı bədii əsərlərin ilk nəşrləri, Tiflisdəki ata-baba mülkünün maketi və s. nümayiş etdirilir.

1920-1925-ci illərdən bəhs edən 2-ci otaqda N.Nərimanovun siyasi mübarizəsini əks etdirən "məxfi" qrifli sənədlər, nadir fotolar, məktublar və şəxsi əşyalar görmək mümkündür.

3-cü otaqda N.Nərimanovun həyat yoldaşı Gülsüm xanımın və oğlu Nəcəfin həyat yolları haqda sənədlər, ailəvi fotolar, təltifat sənədləri, şəxsi əşyalar, eləcə də onların vəfatı və dəfni ilə bağlı sənədlər nümayiş etdirilir.

4-cü otaq isə N.Nərimanovun vaxtilə xəstələri qəbul etdiyi həkim otağıdır. Bu otaqda N.Nərimanovun həkimlik diplomu, cərrahlıq alətləri, yazdığı reseptlər, tibbə dair əsərlərinin müxtəlif illərdəki nəşrlərindən nümunələr və s. sərgilənir.

Əlaqə: (+994 12) 492-05-15

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 35.

Məmməd Səid Ordubadinin Ev-Muzeyi (Bakı)

Muzey hal-hazırda bağlıdır.

Görkəmli yazıçı, şair, publisist, dramaturq, tərcüməçi, jurnalist, ictimai xadim Məmməd Səid Ordubadinin xatirə muzeyi 1 noyabr 1979-cu ildə yaradılmışdır. Ədib 1938-ci ildən ömrünün sonuna -1950-ci il mayın 1-nə qədər həmin mənzildə yaşayıb-yaratmışdır.

2 otaqdan ibarət M.S.Ordubadinin xatirə muzeyində saxlanılan eksponatlar yazıçının keçdiyi həyat yolu, yaradıcılığı barədə dolğun təsəvvür yaradır. Muzeyin əsas fondunda 2000-ə yaxın eksponat toplanmışdır ki, onlardan da 300-ü muzeyin ekspozisiyasında nümayiş etdirilir.

Əlaqə: (+994 12) 493-50-85

İş qrafiki: II - VII günlər

Ünvan: Bakı şəhəri, Bülbül prospekti 15.

Hüseyn Arifin Ev-Muzeyi (Ağstafa)

Giriş: Ödənişsiz

2000-ə yaxın eksponatın qorunub saxlanıldığı Xalq şairi Hüseyn Arifin ev muzeyi 1993-cü ildən fəaliyyət göstərir. 2 otaq, 1 zal, 1 foyedən ibarət muzeydə şairin həyat və yaradıcılığı haqqında kitablar, qəzetlər nümayiş etdirilir.

Əlaqə: (+994 22) 225-13-95

İş qrafiki: II - VII günlər

Ünvan: Ağstafa rayonu, Üzeyir Hacıbəyov küçəsi 28.

Cəfər Cabbarlının Ev-Muzeyi (Xızı)

Giriş hal-hazırda ödənişsizdir. Muzeylə əlaqə saxladığımızda hazırda muzeyin təmir və bədii tərtibat işləri ilə əlaqədar bağlı olduğunu ancaq gələn qonaqlar olarsa Muzey haqqında ətraflı məlumat verildiyi qeyd edildi.

Əlaqə: (+994 23) 315-01-60

İş qrafiki: II - VII günlər

Ünvan: Xızı rayonu, Cəfər Cabbarlı küçəsi 15.

Mikayıl Müşfiqin Xatirə Muzeyi (Xızı)

Giriş: 1 AZN

Binası 1992-ci ildə tikilən və 1 otaqdan ibarət olan Mikayıl Müşfiqin Xatirə Muzeyi şairin həyat və yaradıcılığını əks etdirir. 221 ədəd eksponatdan ibarət Muzeydə 1 büst, 43 fotoşəkil və 177 ədəd şairin sənədləri nümayiş etdirilir. Həmçinin Muzeyin həyətyanı sahəsində M.Müşfiqin 100 illik yubileyinə həsr olunan "Oxu Tar" abidəsi qoyulub.

İş qrafiki: II - VII günlər

Ünvan: Xızı rayonu, Sayadlar kəndi.

Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyi (Qazax)

Giriş: Ödənişsiz

1970-ci ildən fəaliyyətə başlayan Muzeydə XVIII - əsrdə yaşamış Molla Pənah Vaqif və Molla Vəli Vidadi irsi və o dövrə aid olan eksponatlar nümayiş olunur. Muzeydəki eksponatların sayı 1235-dir.

Əlaqə: (+994 22) 295-15-23

İş qrafiki: II - VII günlər

Ünvan: Qazax rayonu, Heydər Əliyev prospekti 60.

Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi (Quba)

Giriş:

Yerli vətəndaşlar - 1 AZN

Uşaqlar - 0.50 AZN

Xarici vətəndaşlar - 3 AZN

Azərbaycanın görkəmli şəxsiyyəti Abbasqulu Ağa Bakıxanovun xatirə muzeyi 1999-cu ildə Qubanın Amsar kəndində istifadəyə verilib. Muzeydə A.A.Bakıxanovun dövrünü və onun həyatını əks etdirən tarixi eksponatlar nümayiş olunur.

Əlaqə: (+994 23) 335-36-75

İş qrafiki: II - VII günlər

Ünvan: Quba rayonu, Amsar kəndi.

Həzi Aslanovun Ev-Muzeyi (Lənkəran)

Giriş: Ödənişsiz

İki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun ev muzeyi 1969-cu ildə açılmışdır. 2 otaqdan ibarət olan muzeyin eksponatlarının ümumi sayı 2351 ədəddir.

Əlaqə: (+994 25) 255-37-20

İş qrafiki: II - VII günlər

Ünvan: Lənkəran şəhəri, İsmət Qayıbov küçəsi 19.

Rəşid Bəy Əfəndiyevin Ev-Muzeyi (Şəki)

Giriş: Ödənişsiz

2432 eksponatın qorunub saxlandığı, Azərbaycan maarif xadimi, yazıçı, etnoqraf, müəllim və metodist R.B.Əfəndiyevin ev muzeyi 1992-ci ildən fəaliyyətə başlamışdır.

Əlaqə: (+994 24) 244-42-58

İş qrafiki: II - VII günlər

Ünvan: Şəki şəhəri, Ə.Bayramov küçəsi 5.

Sabit Rəhmanın Ev-Muzeyi (Şəki)

Giriş: Ödənişsiz

Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi Sabit Rəhmanın Ev-Muzeyi doğulduğu, boya-başa çatdığı ata mülkündə yaradılmışdır. Muzey 2001-ci ildən fəaliyyət göstərir. Muzeydə 541 eksponant nümayiş etdirilir. Muzeydə Sabit Rəhmanın ömür yolunun Şəki və Bakı dövrləri, ədəbi fəaliyyəti maraqlı eksponatlar vasitəsilə təqdim edilir. Bundan başqa bildiyiniz kimi Azərbaycanın böyük bəstəkarı Emin Sabitoğlu Sabit Rəhmanın oğludur. Muzeydə həmçinin bəstəkara aid eksponatlardan ibarət ekspozisiya da nümayiş etdirilir. Beləliklə muzeyə gələnlər Azərbaycanın iki ziyalı oğlunun həyat və yaradıcılığı ilə tanış olur.

Əlaqə: (+994 24) 244-50-89

İş qrafiki: II - VII günlər

Ünvan: Şəki şəhəri, Ağvanlar küçəsi 21.

Mirzə Fətəli Axundzadənin Ev-Muzeyi (Şəki)

Giriş: Ödənişsiz

Azərbaycan dramaturgiyasının banisi, yazıçı dramaturq, şair, maarifçi, materialist filosof və ictimai xadim Mirzə Fətəli Axundzadənin 1812-ci ildə anadan olduğu ev 1940-cı ildən muzey kimi fəaliyyət göstərir. M.F.Axundzadənin ev muzeyi 2 binadan, həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və Axundovun anadan olduğu evdən ibarətdir. Muzeyin fondunda yüzlərlə qiymətli eksponatlar qorunub saxlanılır.

Əlaqə: (+994 24) 244-37-08

İş qrafiki: II - VII günlər

Ünvan: Şəki şəhəri, M.F.Axundzadə küçəsi 1.

Bəxtiyar Vahabzadənin Ev-Muzeyi (Şəki)

Giriş: Ödənişsiz

Azərbaycanın xalq şairi, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyi 2018-ci ildən fəaliyyət göstərir. Muzey Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı evdə açılmışdır. Muzeydə şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar, özünün yazdığı kitablar, ona hədiyyə olunmuş kitablar və onlarla dəyərli əşyalar sərgilənməkdədir.

Əlaqə: (+994 50) 781-34-34

İş qrafiki: II - VII günlər

Ünvan: Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 73.

Mirzə Ələkbər Sabirin Ev-Muzeyi (Şamaxı)

Muzey hazırda təmirə bağlanıb.

Muzey 1962-ci ildə, şairin doğumunun 100 illiyi münasibətilə yaradılmışdır. Muzeydə M.Ə.Sabirin uşaqlıq, təhsil illərinə, səyahətlərinə aid eksponatlar və şairin sabun bişirdiyi qazanın maketi nümayiş olunur. Bundan başqa XIX-XX əsrlərə aid məişət əşyaları, muzeyə verilən hədiyyələr, M.Ə. Sabirin müasirlərinin şəkilləri, tədqiqatçılarının əsərləri, Molla Nəsrəddin jurnalının nümunələri və s. eksponatlar da muzeydə sərgilənir.

Əlaqə: (+994 20) 265-34-63

İş qrafiki: II - VII günlər

Ünvan: Şamaxı rayonu, S. Ə. Şirvani küçəsi 48a.

Həmişə gəzməkdə!

AviaTravel

Turizm və aviasiya haqqında daha çox məlumat - www.aviatravel.az