Daşkəsəndə orta məktəbdə dərslər dayandırıldı
11 May 2010 17:11
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, son günlər yağan aramsız yağışlar nəticəsində rayonun Yuxarı Daşkəsən qəsəbəsində də torpaq sürüşməsi baş verib. Sürüşmə zonasının eni 10-12 sm, uzunluğu 50 m təşkil edib. Nəticədə, qəsəbə orta məktəb binasının qarşısındakı uzunluğu 60 m, hündürlüyü 3,5 m olan istinad divarında çatlar əmələ gəlib.
C.Qocayev istinad divarının təhlükəli olduğu üçün, bu gündən başlayaraq orada təmir-bərpa işlərinin aparıldığını və buna görə də orta məktəbdə dərslərin müvəqqəti olaraq dayandırıldığını bildirdi.
Komissiya sədri həmçinin qeyd etdi ki, rayonun Zəylik kəndində yağan yağışlar nəticəsində yararsız hala düşən 4 evin sakinləri də təhlükəsiz yerlərə köçürülüb. Rayonun Quşçu kəndində 2 evin divarlarında yaranan çatlar səbəbilə ev sakinləri oradan çıxarılıb.
C.Qocayev aramsız yağan yağışların Gəncə-Daşkəsən yolunda da bir sıra çətinliklər yaratdığını bildirib. Onun sözlərinə görə, yolların bəzi hissələrində müdafiə divarları torpaq sürüşməsi nəticəsində dağılıb və daş, çınqıl və torpaq kütləsi asfaltın üzərinə tökülüb.
"Rayonda mövcud vəziyyətə tam nəzarət edilir. Gəncə-Daşkəsən yolu təmizlənib və orada hərəkət bərpa edilib. Rayon Fövqəladə Hallar Komisiyyası tam gücləndirilmiş iş rejiminə keçib" - deyə, C.Qocayev qeyd etdi.
Ganca.az