"Azərbaycanın təklif etdiyi beş bəndlə bağlı Ermənistan tərəfinin baxışı dəyişməzdir".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Əvvəllər dediyimiz kimi, martın 10-da Azərbaycanın irəli sürdüyü təkliflərdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Başqa bir məsələ odur ki, bu təkliflər Ermənistan-Azərbaycan hərtərəfli sülh gündəliyinin bütün məsələlərini əhatə etmir", - nazir bildirib.
Mirzoyan Ermənistanın buna əlavə etdiyi təklifləri Azərbaycana çatdırdıqlarını və bu kontekstdə sülh danışıqlarına hazır olduqlarını söyləyib.
Onun sözlərinə görə, bunu Brüsseldə Azərbaycan Przidenti İlham Əliyevlə görüşündə Baş nazir Nikol Paşinyan bir daha təsdiqləyib.
Azərbaycan iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipini irəli sürüb:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Milli.Az