Azərbaycan əhalisinin neçə faizi ruhi xəstədir? - Şoka salan RƏQƏMLƏR

4 Sentyabr 2022 16:45

Adətən əvvəllər "Sağlam bədəndə, sağlam ruh olar" kimi işlətdiyimiz deyim, artıq öz əhəmiyyətini itirməyə başlayıb. Artıq ruhu sağlam olmayan bədənin, sağlam sayılmadığı zamanda yaşayırıq.

Çünki müasir dövrdə baş verən hadisələr, sürətinə çata bilmədiyimiz yeni dəyişikliklər təəssüf ki, ruhsal vəziyyətimizə təsirsiz ötüşmür. Çoxumuz ağrı hiss etdikdə həkimə getməyi bacarsa da, mövzu psixi sağlamlığa çatanda sanki daş atıb başımızı tuturuq.

"Əşşi, yorğunam, keçib gedər" deyib problemimizi dilə gətirməkdən utanıb boyun qaçırırıq...

"Azərbaycanda psixi xəstəliklərin statistikasına güvənmək bir az şübhəlidir. Çünki psixi xəstəliklər Azərbaycanda ayıb bilinənlər kateqoriyasındadır. Buna görə də çox adam bildirmir və həkimə müraciət etmir".

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri açıqlamasında psixoterapevt Ükeymə Ağazadə bildirib.

Psixoterapevtin fikrincə, ruhi xəstəliklərin sayındakı artımda təkcə əbəbi biopsixoloji deyil, biopsixososial səbəblərin də rolu var:

"Təəssüflər olsun ki, bununla da xəstəsini gizlətməyə çalışırlar. Çünki cəmiyyət, ətraf artıq həmin şəxsləri "dəli" adlandıraraq özlərində uzaqlaşdırmağa başlayırlar. Əlavə olaraq, ölkədə ruhi xəstəliklərin artması sosial, maddi problemlərdən başqa ən başda gələn səbəb müharibə məsələsidir. 90-cı illərdə böyüyən nəsil 2 dəfə ( Birinci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi) müharibə gördü. Bu nəsildən olanları böyüdən valideynlər isə 41-45-ci illər müharibəsindən çıxıblar. Bunların hər biri insan psixologiyasına təsir göstərir. Bundan başqa pandemiya və bunun arxasınca gələn sosial rifahın aşağı düşməsi, bu durumun insanları çıxılmaz vəziyyətə salması həmçinin bu kimi digər səbəblər psixi problemlərin aktivləşməsinə böyük zəmin yaratdı".

Psixoterapevtin sözlərinə görə, pandemiyadan sonra nevroz, psixi problemli xəstələrin, psixozların, depressiyadan əziyyət çəkənlərin sayı artsa da, günah təkcə pandemiyaya bağlı deyil:

"Lakin bu o demək deyil ki, pandemiya insanları psixi xəstəliyə düçar edib. Sadəcə pandemiya dövründə ruhi xəstəlik zəmini, genetik faktorları üstün olan şəxslərin bu problemi qıcıq yaradaraq üzə çıxmağa başladı. Bütün psixi problemlərin kökündə hər zaman duran bir şey var. Çünki bu problemlərin səbəbi çox geniş olmur. Burada əsasən genetik faktor, ruhsal yatqınlıq və günlük hazırki həyatında baş verən travmatik problemlər. Bunların hər biri birləşdikdə psixi problemlərin çıxmasına dəlalət edir. Genetik yatqınlıq  qeyd etdiyim kimi nəsillərin gördüyü travmalarla bağlıdır", - deyə Ü.Ağazadə qeyd edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı son statistikaya görə, 2015-ci ildə psixi pozuntular vә davranış pozuntularına görə 7 min 764 nəfər ilk dəfə qeydiyyata düşüb, əhalinin hər 10 min nəfərinə görə belə xəstələrin sayı 8.1 olub. 2020-ci ildə isə ilk dəfə qeydiyyata düşən belə xəstələrin sayı 12 min 334 olub.
Bu xəstələrin əhalinin hər 10 min nəfərinə düşən sayı 12.4 olub. Ötən il isə rəəqmlərdə kəskin artım qeydə alınıb. Belə ki, 2021-ci ildə psixi pozuntular vә davranış pozuntularına görə 14 409 nəfər ilk dəfə qeydiyyata düşüb, əhalinin hər 10 min nəfərinə düşən belə xəstələrin sayı 14.4 olub.

Ümumiyyətlə 2015-ci ildən bu yana, eyni zamanda da ötən il rəsmi olaraq qeydiyyatda olan belə xəstələr arasında ölüm halı qeydə alınmayıb.

Yaşı 18-dək olan uşaqların arasında da psixi pozuntular vә davranış pozuntularından əziyyət çəkənlərin sayı artıb. Belə ki, 2015-ci ildə ilk dəfə qeydiyyata salınan belə uşaqların sayı 1 739, ötən il isə 3 112 olub. 2015-ci ildə 18 yaşadәk uşaqların hәr 10 000 nәfәrinә düşәn xәstәliklәrin sayı 6.8, 2021-ci ildə isə 11.9 olub.

DSK-ın əlavə məlumatına görə, 0-13 yaşlılar arasında da bu xəstəliklərdən əziyyət çəkənləri sayı artıb. Belə ki, 2010-cu ildə ilk dəfə diaqnoz qoyulan belə xəstələrin sayı 1 341, 2015-ci ildə 1 338, 2020-ci ildə 1 946, ötən il isə 2 440 olub.
14-29 yaşlılar arasında ilk dəfə qeydə alınan bu rəqəm 2010-cu ildə 3 852, 2015-ci ildə 2 584, 2020-ci ildə 4 177, ötən il isə 4 193 olub. Yaşı 30-dan yuxarı olanlar arasında da artan dimanika müşahidə edilir. Belə ki, 2010-cu ildə ilk dəfə qeydə alınan belə xəstələrin sayı 6 008, 2015-ci ildə 3 842, 2020-ci ildə 6 211, ötən il isə 7 776 olub.

Həmçinin bildirək ki, ölkədə psixi xəstələr üçün 4 047 nəfərlik çarpayı fondu var.

Milli.Az