Süleyman Dəmirəl tarixi məhkəmədə danışdı: "Mən..."

5 Aprel 2012 19:27
Dünən Ankarada tarixi məhkəmə prosesi başlayıb. Ankaranın xüsusil səlahiyyətli 12-ci Ağır Cəza Məhkəməsində 12 sentyabr 1980-ci il çevirilişi mühakimə olunur. Təqsirləndirilən şəxslər - 12 sentyabr qiyamına rəhbərlik edən Kənan Evren və Milli Təhlükəsizlik Şurasının üzvü, o dövrün Hava Qüvvələri komandanı Tahsin Şahinkaya səhhətləri yol vermədiyi üçün prosesdə iştirak etməyiblər. Türkiyə Böyük Millət Məclisi, Baş Nazirlik, CXP, MHP, BDP və bir çox qeyri-hökumət təşkilatları ilə bəzi həmkarlar ittifaqı konfederasiyaları zərərçəkən qismində prosesdə iştirak ediblər.

12 sentyabr qiyamı vaxtı baş nazir olan 9-cu prezident Süleyman Dəmirəl isə zərərçəkən olmayıb. Milli.Az TRT-yə istinadən bildirir ki, Dəmirəl prosesə qatılmamasını bu sözlərlə açıqlayıb: "Mən qiyamlara qiyamlarla və ya bu cür məhkəmələrlə qarşılıq verilməli olduğunu düşünən biri deyiləm. Sülh tapılmalıdır. Xalqın bir hissəsi bu prosesi istəyir, bir hissəsi istəmir. Bir hissənin istədiyini etsəniz, istəməyən hissənin, istəməyənlərin dediyini etsəniz, istəyənlərin hisslərini incidər, onları qarşı-qarşıya gətirərsiniz.

Bundan da faydalı nəticə çıxmaz. Bu səbəbdən uzlaşmaya nail olmaq lazımdır. Bu cür məsələlərdə iş yalnız məhkəməyə getmək deyil, cəmiyyətdə sülhü təmin etməkdir". Dəmirəl 12 sentyabr qiyamıyla hesablaşdığını deyib: "12 sentyabr qiyamıyla siyasi olaraq hesablaşmaq lazım idi, mən də bunu etdim. Necə etdim?

12 sentyabrda baş nazir idim, baş nazirliyim əlimdən alındı, siyasi fəaliyyətim qadağan edildi. 1987-ci ildə qadağa ləğv edildiyi üçün keçirilən referendumda meydanlara çıxdım, 12 sentyabrla meydanlarda hesablaşdım. Sonra bu xalq mənə qoyulan qadağanı qaldırdı, əvvəlcə baş nazir, sonra prezident seçdi. Beləcə, məni seçən xalq 12 sentyabrı təkzib etdi. Hesablaşma budur".

Milli.Az