İranda ailə qurmamış ali təhsilli qızların sayı üç dəfə artıb

11 May 2010 16:06
İranın Qadınların İctimai-Mədəni Şurasının statistika mərkəzinin sədr müavini xanım Nahid Rampənahi bildirib ki, statistik məlumatlar əsasında ailə qurmayan ali təhsilli qadınların sayı 5 faizdən 16 faizə çatdığı müəyyən edilib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Nahid Rampənahi deyib ki, İranda bu tendensiya orta təhsilli qızlar arasında da müşahidə edilir. Belə ki, ailə qurmayan qızların sayı bu müddət ərzində 26 faizdən 42 faizə yüksəlib. Onun sözlərinə görə, statistika göstərir ki, ölkədə qadınlara təhsil almaq imkanının yaradılması onların ailə qurmağa marağının azalmasına səbəb olub.

Nahid Rampənahi əlavə edib ki, hazırkı statistika ilə 10 il bundan əvvəlki statistikanın müqayisəsi göstərir ki, qadınların ali təhsil almaları boşanmaların sayının azalmasına təsir etməyib: "Kişi və qadınların təhsil səviyyəsi artdıqca, bir o qədər də boşanmaların sayı artıb".

Nahid Rampənahi problemin həlli məqsədilə ailə quran kişi və qadın arasında yaş fərqinin azaldılmasını təklif edir. Onun sözlərinə görə, ölkədə ailə qurmamış 15-34 yaş həddində olan qadın və kişilərin sayı göstərir ki, subay kişilər subay qadınlardan 2 milyon 600 min nəfər çoxdur: "15-29 yaşlı ailə qurmamış qadınların və 20-34 yaşlı kişilərin sayı müqayisə edildikdə, qadınların sayının 1 milyon 300 min nəfər üstünlük təşkil etdiyi görünür. Problemin həlli məqsədilə ailə quran qadın və kişilər arasında yaş fərqi azaldılmalıdır".

/Trend/