"Üstü bəzək, içi təzək"in sirri

14 May 2010 09:43
Şirvanı, Sabirabadı, Səlyanı su basar-basmaz Azərbaycan Yazıçılar Birliyində yenə qapılar şaqqıldayıb aynalar cingildədi. Bu zırıltının əks-sədası uzaqlara yayıldı və ucqar kəndlərdə belə, divarlara yapılmış təzəklər silkələnib yerə töküldü.

Təzək demiş, sözün birini qoyub o birisinə keçirəm. Bir dəfə dağ yolunda təzək yığan müdrik bir qocaya rast gəldim. O nurani mənə təzək haqda çox mətləblər açdı. Dedi ki, əvvəla, "üstü bəzək, içi təzək" misalı xalqımıza həmişə yanlış izah olunub. Əslində, dedi, burada tənqid atəşinə tutulan üstdəki bəzəkdi. Bəzək ömrü boyu heç nəyə yaramayıb, düz döyülmü, dedi, başşına dönüm? Yəni bəzək yaxşı şey döyül. Ancaq, dedi, içəridəki təzək - bu başqa məsələ! Bəzəyi, dedi, mən neynirəm? Ancaq təzəyi puça (yəni peçə) basıb yandırırıq. Çöldə, dedi, mal-qoyun otaranda təzəyi tüstülədib, dedi, ağcaqanadı-zadı qovuruq.

Sonra o nurani təzəyi sağ qoltuğundan sol qoltuğuna ötürərək sözünə davam elədi. Dedi, oğul, bil və agah ol, dünyada hər bir şeyin bir elmi var, təzəyin - iki.

Maraqdan qaşlarım şeir yazan adamlar kimi baş-başa gərildi. Fikirləşdim ki, Allah bu kişiyə ömür versin, müftə elmdi, qoy desin, öyrənim, mən də bu dünyadan nakam getməyim.
 
Dedi, birinci elmi odu ki, bunun bir üzü qurumalıdı. İkinci elmi də odu ki, dedi, bir üzü quruyandan sonra, gərək, bunu o biri üzünə çevirəsən.

Nurani sözlərini deyəndən sonra şəhadət barmağını yuxarı qaldırıb yolun ortasında dik dayandı və uzun müddət bu vəziyyətdə qaldı...

Nədən danışırdım?.. Başımda huş da qalmayıb... Hə, Yazıçılar Birliyi!.. İndi deyirlər, Birliyin 1500 üzvünün hər biri gəlib sədrdən prezident təqaüdü tələb eləyir. Düz də eləyirlər. Kim kimin kor qızından əskikdi? Böyük ziyalımız Anar məllimin üstünə dirənirlər ki, məsələn, filankəsi o siyahıya niyə salmısan, məni də sal. Yazıq Anar məllim qalır belə. Desə, filankəs istedadlı şairdi, beyni qafiyənən doludu, o saat qarşıdakı deyəcək ki, mənə it dəyib bəyəm, mən ondan da istedadlıyam. Desə, yox, sən istedadsızsan, sənə təqaüd düşmür, onda qarşıdakı deyəcək ki, istedadsız idimsə məni niyə Birliyə üzv elədin? Ona görə də böyük ziyalımız nə şair qəbul eləyə, nə də qurultay keçirə bilir. Zarafat deyil, qocalıb qələm tuta bilməyən yazarlara ömürlük ayda 500-1000 manat, yaşlı yazarlara ayda 300 manat, sütül gənclərə isə 200 manat pul verirlər. Düz bir il! Qələm tuta bilməyənlərin hamısı alır, bu heç, burda problem yoxdu. Sütül gəncləri də hər il ordan-burdan yığıb Birliyə yamayıb üzv eləyirlər. Rəşadətli gənclərimiz pul almağın dərdindən iş-güclərini buraxıb şer yazmağa qurşanıblar. Yaza bilməyənlər də, eynən qumardakı kimi, özünə şərik tapır. Onun yerinə yazan adamla pulu tən bölməlidi. Bu da həll olunub.

Əsas problem yaradan yaşlı yazarlardı. Bunlar adamın üstünə dirənir ki, mənim istedadsızlığımı nəylə sübut eləyə bilərsən? Sən mənə desən, sən istedadsızsan, mən də on nəfər gətirərəm, onlar təsdiq eləyər ki, mən çox istedadlıyam.

İstedad nisbi bir şeydi. Ağlımca, AYB üzvlərini tamam ayrı sahələrdə yarışdırmaq lazımdı. Mən Anar məllimin yerinə olsaydım yazarlar arasında stolüstü qolgüləşdirmə yarışı keçirərdim. Burda artıq heç kim deyə bilməz ki, mən filankəsdən güclüyəm. Bu meydan, bu şeytan, bu Buş, bu da Reyqan!
Özgə hansı oyunlar ola bilər?.. Məsələn, nərd-domino yarışları burada keçərli deyil. Çünki uduzan bəhanə eləyəcək ki, zər vermədi, ay nə bilim, əlimə yaxşı daş gəlmədi... Burada xalq ruhuna uyğun, tamam milli oyunlardan istifadə etmək lazımdı. Əlbəttə, "Çiling-ağac" oyunu üçün Natəvan klubu çox dardı. Ancaq bir-birinin belindən tullanmağa - "Ənzəli"yə nə deyirsiniz? Şairin istedadını təyin eləmək üçün "Dirədöymə"dən də istifadə eləmək olar.

Birliyin qadın üzvləri arasında seçim edərkən də ortalığa çoxlu problemlər çıxır. Eynən kişilərdəki kimi, istedad, ilham pərisi, müxtəlif mübahisələr, qafiyələr... Odur ki, qadınlar üçün də uyğun oyun növləri seçmək olar. Əlbəttə söhbət zərif cinsin istedadından gedirsə, burada incə oyunların yarışlarını təşkil eləmək lazımdı. Məsələn, "Qaçdı-tutdu" oyunu "Natəvan" klubunun dəyirmi masası ətrafında çox yaxşı alınar. Yaxud, Birliyin mərtəbə və otaqlarına arxayın olub demək olar ki, bura "Gizlənqaç" oyunu üçün də mütəşəkkildi. Qadınların oturaq oyunlarına qalarsa, "Beşdaş" oyunu həm cəzbedici, həm də düşündürücüdü. Küçədən beş dənə yumru daş tapmaq kifayətdi ki, oturub oyuna başlayasan.

Ancaq AYB-yə böyük oyun sahəsi ayrılarsa kişilər üçün "Çilingağac" daha məqsədəuyğun sayılmalıdı. Həm də məsələ komandalar arasında birbaşa həll olunar. Komanda başa çıxdımı? - demək, təqaüd alacaq, qoy, uduzan özündən küssün. Bu mənada, "Ot üstə xokkey" də istedad üzə çıxarmaqda fövqəladə rol oynaya bilər. Əgər yazıçılara pampıq tarlası kimi geniş bir oyun sahəsi ayrılarsa, "Çovkan" oyununu da sınaqdan keçirmək olar. Ancaq bu, sonranın işidi. Çünki, "Çovkan" çoxlu at tələb eləyən oyundu. Onun üçün AYB rəhbərliyi uzun at tövləsi inşa eləməlidi. Xaricdən də ölkəmizə çoxlu cins atlar gətirilməlidi. Burada atların sayı qədər mehtər ştatları açılmalıdı. Ancaq dünyadakı iqtisadi krizisin sırtıqlığını nəzərə alsaq "Çovkan" oyununu müvəqqəti təxirə salmalıyıq. Həm də bizim çovkan oynayan vaxtımız deyil, torpaqlarımızın 20 faizi işğal altındadı. Şəxsən, AYB rəhbərliyinin yerinə olsaydım, ucuz və keyfiyyətli olsun deyə, hələlik "Çilingağac"ın üstündə dayanardım.

Necədi? Deyəsən, işiniz düzəlir deyə, gülürsünüz?.. 

Murad Köhnəqala
Milli.Az