3 ər görmüş maşın satılır

5 Aprel 2012 16:33
Reyçel Veyç "Mercury Comet Caliente" avtomobilini 1964-cü ildə 3289 dollara almışdı. Onun dediyinə görə, maşını sürdüyü illərdə üç ər və 18 akkumulyator dəyişib.

Milli.Az ABC-yə istinadən bildirir ki, 4 övladı, 9 nəvəsi və 11 nəticəsi olan Reyçel Veyç son müayinədən keçəndən sonra həkimlər gözlərinin zəiflədiyinə görə ona maşın sürməyi qadağan ediblər.

"Qorxuram ki, maşınımı qohumlarıma qoysam, avtomobilə baxmayacaqlar. Onlar maşınımı almayacaqlar. Çünki maşına mənim təki yaxşı qulluq edə bilməyəcəklər", - Veyç söyləyib.

Onun sözlərinə görə, maşının 48 il sərasər xarab olmamasının səbəbi də məhz yaxşı qulluqdur.
"Benzin alanda kilometrajı və tarixi yazır, aldığım benzinin hansı məsafəyə çatacağını hesablayır. Heç vaxt maşını böyük sürətlə sürməmişəm. Həmişə hər şeyə və hər kəsə diqqətlə qulluq etmişəm. Ərlərimdən savayı", - Veyç deyib.

Ekspertlərin dediklərinə görə, indi bu maşının qiyməti ən azı 12 min dollardır.

48 il davam edən istismar ərzində maşında yalnız 3 dəfə amortizatorlar, 8 dəfə də tüstüboğucu dəyişdirilib.

Milli.Az