Bakıda torpaq uçqunu olub - YENİLƏNİB - FOTO

29 Avqust 2022 11:36

Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsində yamacdan torpaq tökülməsi sürüşmə deyil.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, 2,5 metr hündürlüyü olan yamacın üst hissəsində yerləşən həyət evində suvarma nəticəsində kiçik torpaq çıxıntı sahəsi qopub yola tökülüb.

"Bu hadisəyə torpaq sürüşməsi demək düzgün deyil. Sadəcə kiçik bir hissədə torpaq uçqunu baş verib. Artıq müvafiq qurum tərəfindən hadisənin nəticələri aradan qaldırılıb. Həmin ərazidə lokal da olsa kiçik uçma proseslərinin inkişaf dinamikası yoxdur", - deyə Xidmət rəisi bildirib.

-------

09:30

Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsindəki yamacda kiçik miqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə səhər saat 6 radələrində baş verib.

Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07.42 radələrində ərazi torpaq və qaya parçaları təmizlənib.

Milli.Az