“Qarabağ” nə qədər qazandı?

27 Avqust 2022 12:52

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ"ın nə qədər qazanacağı bəlli olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Ağdam klubu qrup mərhələsində düşməklə 3 milyon 630 min avro (6 milyon 147 min manat) əldə edib.

Yunanıstanın "Olimpiakos", Almaniyanın "Frayburq", Fransanın "Nant" komandaları ilə eyni qrupda yer alacaq ağdamlılar qrupdakı matçlardakı nəticələrinə görə də büdcəsini artıra bilər.

Belə ki, qitə futbol qurumu qrupda qələbə üçün 630 min avro mükafat nəzərdə tutub. Heç-heçə edən komandalar isə 210 min avro əldə edəcək.

Mükafatlar təkcə bununla bitmir. UEFA qrup qaliblərinin büdcəsini əlavə olaraq 1 milyon 100 min avro zənginləşdirə biləcəyini açıqlayıb.

Qrup ikinciləri 550 min avro, pley-off-dan 1/8 finala vəsiqə qazananlar isə 1 milyon 200 min avro əldə edəcək. 1/4 finalçılar 1,8 milyon, yarımfinalçılar isə 2,8 milyon avro qazanacaq. Finala çıxanlar 4,6 milyon avro, qalib isə daha 8 milyon 600 min avro büdcəsinə qatacaq.

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində oynadığı üçün 5 milyon, Avropa Liqasına vəsiqə əldə etdiyi üçün isə 3,63 milyon avro qazanıb. Ümumilikdə bu məbləğ 8,63 (14 milyon 615 min manat) milyon avro edir.

Milli.Az