İldırım vurmasından sağ çıxıb, qeyri-adi bacarıq əldə edib

19 Avqust 2022 20:45

Avstraliyanın Kvinslend ştatının sakini, ildırım vurmasından sağ çıxan biri iddia edib ki, o vaxtdan havanı proqnozlaşdırmaq qabiliyyətinə yiyələnib.

Milli.Az bildirir ki, bu barədə Nine News xəbər verir.

Yeddi il əvvəl indi 31 yaşı olan avstraliyalı Kristofer Qrin arı dişləmiş həyat yoldaşı ilə qızını həkimə aparıb. Yolda ailə buludların yığıldığını görüb. Onlar tibb məntəqəsindən çıxanda yağış yağmağa başlayıb.

"Mən yoldaşıma qızımı maşının arxa oturacağına oturtmağa kömək edirdim və əlimdə taxta qulplu çətir tuturdum. Şəhadət barmağının ucu çətirin metal hissəsində idi", - deyə kişi xatırlayıb. Bu zaman onu ildırım vurub.

"Bu, bir parıltıya bənzəyirdi, ondan sonra huşumu itirdim", - o deyib. Yoldaşı kömək üçün tibb məntəqəsinə qaçıb.

Qrin xəstəxanada oyanıb. Harada olduğunu bilməyib və nə baş verdiyini xatırlamayıb. Həm o, həm də arvadı şoka düşüb. Həkimlər onun vəziyyətini müşahidə ediblər və ertəsi gün o, xəstəxanadan buraxılıb.

Zərbədən bir neçə gün keçsə də, kişi qolunda kiçik ağrı hiss etməyə davam edib. İndi o, hesab edir ki, bu, ona havanı proqnozlaşdırmağa kömək edir: tufandan əvvəl kiçik ağrı güclənir və qolu ağrımağa başlayır.

İrfan Vəliyev
Milli.Az