Səfil, ac, bit basmış, intizamsız "ordu" - FOTO

19 Avqust 2022 11:22

Ermənistanın Silahlı Qüvvələri  indi başıpozuq dəstəni xatırladır. Hərbi hissələr ən yaxşı halda 1990-cı illərdən qalma hərbi texnika və avadanlıqla "təchiz" olunub.

Hərbçilərin təminatına və yaşayış şəraitinə gəldikdə isə, vəziyyət faciəvidir.

Vəziyyətə bariz misal olaraq Qafandakı hərbi hissələrdən birində çəkilmiş fotoları göstərmək olar.

Sovetlər dönəmindən qalmış nimdaş çadırdakı əsgərlərin normal çarpayıları, döşəkağı və mələfələri belə yoxdur.

Qafanda, Azərbaycanla sərhədin yaxınlığındakı bu "müdafiə postu"ndakı əsgərlərin ərzaq təminatı isə ümumiyyətlə, biabırçılıq və rəzillik səviyyəsindədir.

Analoji mənzərə Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin tam əksəriyyətində müşahidə olunur.

Səfil, ac və intizamsız silahlı şəxslərdən ibarət "ordu"su ilə qürrələnən Ermənistan rəhbərliyi İrəvan üçün acı gerçəyi etiraf etmək istəmir.

Gerçək isə sadədir: İkinci Qarabağ Müharibəsində ermənilərin ordusu darmadağın edilib.

Azərbaycanla sərhəddə və sərhədin yaxınlığındakı erməni mövqelərinə gəldikdə isə, həmin məkanlardakı zəruri mühəndis-istehkam işləri müasir tələblərdən həddən ziyadə uzaqdır.

Daha konkret olsaq, ermənilərin postları üzərinə avtomobil şinləri yığılmış xəndəklər və siçovul yuvasına bənzəyən çalalardan ibarətdir.

Postların heç birində dayanıqlı, daimi yanacaq, elektroenerji, rabitə və içməli su təminatı yoxdur.

"Bəxti gətirən" erməni əsgərlər elektrik generatorlarından istifadə edirlər, həftədə iki dəfə "aşağı"dan yemək alırlar.

Sosial şəbəkələrdə "sərhəddəki postlar üçün" binokllardan tutmuş, mobil telefonlar üçün şarj cihazları, corab, adyal, hətta dərman üçün pul yığılır.

Həmin mövqelərdəki erməni əsgərlər arasında intiharların sayı son ildə 1,2 dəfə artıb.

Ermənistan Müdafiə Nazirliyinin "ön cəbhə"dəki mövqelərində dəri xəstəlikləri isə adi haldır. Erməni əsgərlər arasında göbələk, səpkilər, allergik fəsadlar, qoturluq, dəmrov və s. xəstəliklər geniş yayılıb.

İş o yerə çatıb ki, əsgərlər sosial şəbəkələrdə "vətəndaşlar"dan bit, birə və gənə əleyhinə dərman preparatlarının göndərilməsini istəyirlər.

Orxan Hun
Milli.Az