Azərbaycan özünü idman dövləti kimi təsdiqləyib - Olimpiya Komitəsinin üzvü

16 Avqust 2022 21:19

Azərbaycan özünü idman dövləti kimi təsdiqləyib.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının kuluarlarında deyib.

O qeyd edib ki, Azərbaycan İslamiadada medalların sayına görə ilk 5-likdəki mövqeyini qoruyub saxlayacaq və reytinqdə üçüncü pilləni tutmaqla bu mövqeyi yaxşılaşdırmaq üçün hər cür şans var.

"Türkiyə Oyunları yüksək səviyyədə keçirməyə çalışdı. Oyunların açılışında Konyada stadionda Azərbaycan nümayəndə heyəti hərarətlə qarşılandı.Türkiyədən sonra ikinci ən böyük nümayəndə heyətiyik. 24 idman növündən 22-də 282 idmançı ilə təmsil olunuruq. Bizim eksperimental heyətimiz var: təcrübəli idmançılar var, gənclər var. bəzi idman növləri üzrə İslam Həmrəyliyi Oyunlarında iştirak təcrübəsi olmayan idmançıları gətirdik. Qeyd edək ki, Konyada keçirilən Oyunların açılışında Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı idmançılara əlavə stimul verdi. Atletlər kəndində görüş həm məşqçi heyəti, həm də idmançılara yeni qələbələr üçün stimul oldu. Biz 60-dan çox medal qazandıq və bu hələ hamısı deyil, çünki bəzi idman növləri üzrə yarışlar davam edir: cüdo, qılıncoynatma, 3x3 basketbol və hələ başlamamış bəzi yarışlar var (kikboksinq, karate). Azərbaycan özünü idman dövləti kimi təsdiqləyib və biz eksperimental komanda gətirməyimizə baxmayaraq, çıxışların dinamikasını qoruyub saxlaya bildik və medalların sayı buna sübutdur. Legionerlərin sayı azalıb, məşqçilər korpusunda azərbaycanlıların sayı çoxalıb və bunların hamısı sevindiricidir".

R.Abbasov qeyd edib ki, müxtəlif idman növləri üzrə - yunan-Roma güləşi (qadınlar və kişilər), qılıncoynatma, cüdo üzrə digər idmançılar bütün gözləntiləri doğruldub.

"Komanda kapitanları təcrübəli idmançılardır, lider kimi özlərini doğrultdular, komandaya rəhbərlik etdilər və bu da sevindirici haldır, lakin müxtəlif idman növləri üzrə gənclərin liderləri layiqincə əvəzləmələri ikiqat sevindirici haldır", - R.Abbasov bildirib.

Milli.Az