Meşə yanğınların söndürülməsi işləri davam etdirilir: amfibiya təyyarəsi, 2 helikopter cəlb olunub

16 Avqust 2022 18:38

Azərbaycanın şimal və şimal-qərb regionlarında bəzi meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınla mübarizə tədbirlərinə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus "BE 200 ÇS" amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, "Azərsu" ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları və sakinlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi bu günlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, yanğına səbəb ola biləcək hər hansı ehtiyatsızlığa yol verməməyə çağırır.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Milli.Az