Laçındakı ermənilər özlərinə "QƏSD EDİR" - Vandalizm, yoxsa...

15 Avqust 2022 17:32

"Sabit sülhün başlanmasının bir neçə mərhələsi mövcuddur".

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistan yol verdiyi təxribatlarla Azərbaycanın səbrini daşırmağa çalışır:

"Yaxınlaşma, ilk növbədə, qərar qəbul edənlər, diplomatlar, dövlət idarəçiləri və barışıq axtarışı ilə məşğul olan hərbçilərlə məhdudlaşan elitar bir fenomendir. Sonraki mərhələ isə barışıqla məşğul olan dövlətlər arasında ictimai inteqrasiyanın dərinləşməsini nəzərdə tutur. Bu baxımdan dövlətimizin başçısı bildirir ki, bölgədə qalan ermənilər inteqrasiya edərək, bizim vətəndaşlarımız ola bilər. Amma hər hansı bir statusdan, ya xüsusi imtiyazdan söhbət belə gedə bilməz. Hər bir Azərbaycan vətəndaşı necə, onlar da elə.

Bu yaxınlaşma isə sosial bazanı daha da genişləndirə bilər. Sözügedən dövlətlər arasında müntəzəm əlaqə üst səviyyə idarəçilərdən başlayaraq, özəl sektor elitalarına, biznes icmasına və adi vətəndaşlara sirayət edir. Daha sıx əlaqələrdən faydalanan maraq qrupları iqtisadi və siyasi maneələrin daha da azaldılması üçün sərmayə qoymağa başlayırlar ki, bu da barışıq prosesinə təkan verir. Dünya siyasi tarixində də belə praktikalar kifayət qədərdir. Bu baxımdan da dövlət başçımız Zəngəzur dəhlizini "sülhün fundamental elementlərindən biri" kimi xarakterizə edir. 

Sabit sülh mümkündür. Düşmən tərəflər fikir ayrılıqlarını həll etdikdə və düşmənçiliyi ilk növbədə əməkdaşlıqla əvəz etdikdə, münaqişəni geridə qoymağa və sülhün izini genişləndirməyə nail olurlar. Bu yanaşma ruhlandırıcı amildir və tarixin gedişatını qaraltmış dağıdıcı müharibələrə alternativin olduğunu göstərir. Eyni zamanda, sabit sülh zonaları çox nadir və kövrəkdir. Strateji təmkinlilik təcrübəsi isə düşmənçilikdən geri çəkilmək və tədricən düşmənçilikdən çıxmaq üçün edilən səylərin zəruri şərtidir. Bir tərəfdə Ermənistan yol verdiyi təxribatlarla bu nadir və kövrək ipləri daha da nazildirsə, digər tərəfdə Azərbaycan siyasi iradə ortaya qoyur.

Liderimiz qarşılıqlı razılaşmaya qapı açmaq üçün kritik diplomatik vasitə kimi göstərdiyi səylərlə xoş niyyət nümayiş etdirir. Ermənilər təxribat törətsələr ki, dövlət və cəmiyyət olaraq özlərinin formalaşdırdığı imicə uyğun olaraq indiki mərhələdə hələ törətməmə ehtimalı sıfıra bərabərdir, o zaman itirən özləri olacaq. Onlar vaxt qazanmır, sadəcə itirirlər. Təxribat törətsələr yenə zaman-zaman unutduqları "Dəmir yumruq" hər dəfəsində daha bərk başlarına dəyəcək, yenə ondan-bundan imdad diləyəcəklər ki, biz də şərtləri daha sərt diqtə edəcəyik

Dövlət başçımızın da vurğuladığı kimi heç kim onlara inanmır, çünki tarixi, siyasi, beynəlxalq hüquq prizmasından haqsızdırlar. Erməni internet televiziya kanallarından birində də artıq etiraf edildiyi kimi "...təkcə Ermənistanda yox, harada yaşamasından asılı olmayaraq, "günəş altında yer axtaran" ermənilər arasında öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın haqq işini başa düşənlərin sayı artmaqdadır".  Bax, onların xeyrinə olan zaman ya da başqa bir amil deyil, yeganə bu artımsay ola bilər".

Təhməz Əsədov
Milli.Az