Kərbəla caniləri - Yezid ibn Müaviyə

16 Avqust 2022 19:55

Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan, İmam Hüseynin (ə) şəhadətə yetməsinə əmr verən ilk şəxsin Yezid ibn Müaviyə olduğu danılmaz bir həqiqətdir. Bir çox qəbilə başçıları, siyasətçilər, cəngavərlər və sərkərdələr də bu faciənin törənməsində ona yardımçı olmuş və bir-birinin əməkdaşlığı nəticəsində Kərbəla inqilabını zahirən məğlub etməyə qadir olmuşlar.

Elə bir məğlubiyyət ki, tez bir zamanda Kərbəla inqilabının əbədi qələbəsinə, dinin yeni həyat mənbəyinə, bəşər cəmiyyətinin, məxsusən, İslam camiəsinin hidayəti, islahı və qəhrəmanlığına çevrilmişdir.

Yezid ibn Müaviyə Əməvilər soyunun Süfyanilər qoluna mənsubdur və 25-ci, yaxud 26-cı hicri-qəməri ilində (miladi 645-546-ci il) doğulmuş, 64-cü hicri-qəməri ilinin Rəbiul-əvvəl ayının 14-ü ölmüş, Dəməşq şəhərinin Həvarin kəndində dəfn edilmişdir.

Anası Bəni-Kəlb qəbiləsindən Bəcdəlin qızı Meysun olub. Bəni-Kəlb qəbiləsi bədəvi qəbilələrdən sayılırdı. Buna görə də, Yezid anasının tərbiyəsi altında böyüyərək, bədəvilərə xas adət-ənənələrə (ovçuluq və şerə meyillilik, əyləncəyə aludəlik və s.) yiyələnmişdi.

Müaviyənin şahsayağı xilafət qəsrinə mənsub olması onun üçün hər cəhətdən eyş-işrətə tam qərq olmasına zəmin yaratmışdı. Tarixi mənbələrdə Yezidi şərab düşkünü, fasid, günah əhli, dini və məzhəbi qayda-qanunlara laqeyd, camaatın, ələlxüsus xeyirxah insanların malı və canına təcavüz edən, onların qatili, İslam və Quran təlim-tərbiyəsindən tamamilə uzaq biri kimi tanıtdırılır.

Yezid şair idi, əsasən, kef məclislərinə aid mövzularda şeir deyirdi. Bəzi şeirlərində İslam dinini, vəhyi inkar edir, Peyğəmbər (s) və nəsli ilə düşmənçiliyini açıq-aşkar dilə gətirirdi.

Yezid özündən əvvəlki xəlifənin, yəni atası Müaviyənin təyini ilə, camaatın heç bir müdaxiləsi, nəzəri və məsləhəti olmadan hakimiyyətə çatdı. Onun zamanında günah işlər geniş şəkildə yayılmağa başladı, Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə haram məclislərə xas əyləncə səsləri eşidildi.

Məhz bundan istifadə edən Abdullah ibn Zübeyr Məkkədə qiyam edərək, bütünlüklə, Hicazın hakimiyyətini ələ keçirdi.

Yezid, təqribən, 3 il neçə ay xəlifəliyi dönəmində üç böyük cinayətə imza atdı, onun hakimiyyətinin hər ili bir cinayətlə sona yetdi. Bu cinayətlər təkcə İslamı deyil, tarixi də ləkələdi:

1. Hakimiyyətə gəldikdən, təqribən, altı ay sonra Kərbəla səhrasında Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyni (ə), ailə üzvlərini və yaxın silahdaşlarını görünməmiş qəddarlıqla qətlə yetirdi.

2. Bundan iki il sonra - 63-cü hicri-qəməri ilində Hirrə faciəsini törətdi, Peyğəmbərin (s) məscidi və türbəsinə hörmətsizlik, Mədinə əhalisini qətliam etdi.

3. Hakimiyyətinin 3-cü ili Allahın evində qanlar tökdü və Kəbə evinə od vurdu. ("Tarixi-Yəqubi", c.2, səh.253.)

Tarixin bu səhifəsini oxuyan və bu faciəli hadisələri müşahidə edən hər bir insaflı tarixçi və tədqiqatçı susur, öz-özlüyündə belə düşünür: "Bu faciəli cinayətlərə əli bulaşan, elə bil, müsəlman olmayıb, bu müqəddəs məkanların onun yanında qiyməti və dəyəri yox imiş."

Lənətə layiq

Bəli, Yezidin hakimiyyəti dövründə törətdiyi birinci faciə İmam Hüseynin (ə) şəhadəti idi. Bu hadisə tarixin ən faciəli və qəmli hadisəsidir. Hətta demək olar ki, misli görünməmişdir.

Çünki bu hadisəni digər qanlı hadisələrdən fərqləndirən bir sıra xüsusiyyətləri vardır. Hüseyn ibn Əlinin (ə), ailəsi və övladlarının iştirakı, necə şəhid olmaları və əsir düşmələri həmin xüsusiyyətlərdəndir.

Təftazani "Əqaidun-nəsəfiyyə" kitabının şərhində yazır: "Həqiqətən, Yezidin Hüseynin (ə) qətlinə razı olması, bunu eşitdikdə sevinməsi və Rəsulullahın (s) Əhli-beytinə hörmətsizliyi "təvatür" (məhşur) rəvayətlərdəndir. Allah ona və köməkçilərinə lənət etsin." ("Turasuna" jurnalı, "Ali-beyt" müəssəsi, c.50, səh.220, "Əqaidun-nəsəfiyyə" şərhinin 181-ci səhifəsinə əsasən.)

Şafei yazır: "Hüseyni qətlə yetirən və ya qətlinə fərman verən hər bir şəxs kafirdir." ("Şəzəratun min zəhəb", İbn İmad Hənbəli, c.1, səh.68.)

Zəhəbi yazır: "Yezid "nasibi" (İmam Əli (ə) və Əhli-beytin düşməni), daşürəkli və pis əxlaq sahibi idi. Şərab içər və pis əməllərə qurşanardı. Hüseyni (ə) öldürməklə hakimiyyətinə başladı və onu "Hirrə" (Mədinə camaatını qətliam etmək) vaqiəsi ilə sona çatdırdı." ("Şəzəratun min zəhəb", İbn İmad Hənbəli, c.1, səh.68.)

Alusi "Təfsir" kitabında Rəsulullahın (s) bir cümləsi haqda belə yazır: "Rəsulullahın (s) "60-cı ilin başlanğıcından və uşaqların hakimiyyətindən Allaha pənah aparıram" - kəlamı lənətlənmiş Yezidin xilafətinə işarədir. Tərəfdarları narahat olsalar da, Allah ona lənət etsin. Axı o, hicrətin 60-cı ilində hakimiyyətə gəldi." ("Ruhul-məani", c.6, səh.192.)

Adıçəkilən alimlər əhli-sünnə məzhəbinin alimləridir. Şiə məzhəbinin də məsələyə münasibəti birmənalıdır. Peyğəmbərin (s) nəvəsini qətlə yetirmək üçün əmr verdiyinə, qeyri-islami və qeyri-əxlaqi həyat tərzi sürdüyünə, eləcə də, istər söhbətlərində, istərsə də şeirlərində açıq-aşkar küfr əqidəsini tərənnüm etdiyinə görə şiələr Yezidi kafir və lənətə layiq bilirlər.

Milli.Az