Qoridən gələn qatar... - İbrahim Nəbioğlu yazır

13 Avqust 2022 22:24

Dostum Məmməd Musayevlə bir yerdəyik.  
İstanbulun sakit kafelərindən birində qəhvə içirik.  
O, Bakıdan danışır, mən dinləyirəm.  
Laçın və Zabuxa keçir söhbət.  
Gözlərimizdə parıltı var.  
Sevincdəndir.
Birdən üzünə xoş bir ifadə yayılır əziz qonağın.  

"Qoridən gələn qatar" povestini oxuyubsan yəqin", - soruşur. Cavabımı gözləmədən davam edir: "Mən təzə çıxanda oxumuşdum. Bu yaxında kitabın 3-cü nəşri işıq üzü görüb".  
Əlini telefonuna atıb Bakıya zəng edir. Kitabdan 2 nüsxə sifariş verir, "Birini masamın üstünə qoy, o birini də DHL-lə İbrahimə göndər", - köməkçisinə deyir.

Mən də hardasa 20-25 il əvvəl oxumuşdum.  
Bir də oxumaq faydalı olacağını düşünürəm.
Sonra yenə Bakıya - professor İlham Pirməmmədova zəng edir.  
"Şəmistanın ad günüdür, hardasan?", - sual edir.  
İlham müəllim Şəmistan Nəzirlinin yanında olduğunu deyir.

Əvvəlcə Məmməd Musyaev, arxasınca da mən Azərbaycan hərb tarixinin görkəmli tədqiqatşısını 80 illik yubileyi ilə təbrik edirik.
Məmməd müəllim Şəmistan Nəzirlini "Cənab polkovnik-leytenant" deyə çağırır.
Yadıma 90-cı illərin ortalarında Müdafiə nazirimizin Ankaraya rəsmi səfəri düşür.  
Heyətdə bir polkovnik-leytenant (iki ulduz) var idi. Ona rütbəsi ilə hər müraciət edildiyində türk zabitləri qımışırdılar.  
İllər sonra yazdığım "Yarbay yoxsa polkovnik-leytenant" adlı yazıda  

"Teymen leytenantdan;
Yüzbaşı kapıtandan;
Minbaşı mayordan;
Yarbay polkovnik-leytenantdan;
Albay polkovnikdən
min dəfə yaxşı səslənmirmi?"  
deyə sual etmişdim.

Hərbi terminologiyamızın milli olmasını, Milli Ordumuzda xitab şəklinin, terminlərin də milli olmasını istəyirdim. Hər şeyin milli olanı, hər şeyin özümüzün olanı daha qiymətlidir deyə düşünürdüm...  


Avqustun 12-də, Şəmistan Nəzirlinin doğuldu gün düşündüm ki, ən milli əsgərlərimizdən birinə "Yarbay Nəzirli" kimi xitab edilsə necə gözəl səslənərdi. Ancaq tez vaz keçirəm bu fikrimdən. Hərb tariximizi, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün məşhur şəxslərini, tanınmış sərkərdələrini araşdırıb, indiki nəsillərə tanıtdıran bu fədakar tədqiqatçı bizim Könüllərimizin Generalıdır.
Könüllərimizin Generalının haqqında yazdığı, tədqiq etdiyi əfsanəvi hərbiçilərimizə bir baxın:

Generalllar  Əli Ağa Şıxlinski, Səməd Bəy Mehmandarov, İbrahim ağa Vəkilov,  Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Cəmşidxan Naxçivanski, Həbib Bəy Səlimov, Murad Gəray Bəy Tlexas, Əbdülhəmid Bəy Qaytabaşı, Məmməd Bəy Sulkeviç, Firudun Bəy Vəzirov, Yadigarov qardaşları və digər görkəmli hərbiçi və komandanlarımız haqqında onlarla kitab və minə yaxın məqalə yazmışdır.

Bir çoxları kimi mən də bu generalların çoxu haqda ilk məlumatları Şəmistan Nəzirlinin araşdırmalarından öyrənmişəm. Bu yorulmaz tədqiqatçı və yazarın nə az, nə çox, düz 42 (!) kitabı çıxıb. Şəmistan müəllim kitablarını çay içə-içə, rahat yazı masası arxasında yazmayıb. O, kitablarını şəhər-şəhər, ölkə-ölkə gəzərək, tozlu arxivlərdə, əski bir foto-şəklin, nadir arxiv materialının izindən düşüb, aylarla sürən gərgin axtarışlar sonrası ərsəyə gətirib.  

Şəmistan Nəzirlinın yaxın tariximizə tutduğu işıq şanlı hərb tariximizlə öyünməyi deyir bizə. Onun əsərlərində hərb işinin romantikası, Vətən sevgisi çox ustalıqla işlənir. Ancaq bütün bunlarla bərabər Ş.Nəzərli Əlahəzrət Fakta, arxiv sənədlərinə verdiyi önəm də bir o qədər qiymətlidir. Bu baxımdan o, yalın bir yazıçı kimi yox, həm də araşdırmaçı alim kimi də bizim üçün doğmadır, əzizdir, əvəzsizdir.
Yubilyara həm də Səməd Vurğuna olan sevgisinə, heyranlığına görə də məftun olmuşdum. Şəmistan Nəzirlinin Vurğun irsi ilə bağlı kitab və məqalələri Böyük Şairin şanına yaraşan çalışmalardır...

İstanbulun gözdən iraq sakit kafesində söhbətimiz Qori seminariyasından Qazax müəllimlər seminariyasına keçir. Məmməd müəllim Qazax müəllimlər seminariyasında işlərin yekunlaşmaq üzrə olduğunu deyir. Seminariyanın 100 illik yubiley tədbirlərinə az qalıb.
Aparılan geniş miqyaslı inşaat, restavrasiya və bərpa işlərinə professor Hafiz Paşayev rəhbərlik edir. Bakı ilə Qazax arasını suyoluna çevirən professor Paşayev özü də bir müəllim oğludur və o,  "Bir gəncin manifesti", "Bir səfirin manifesti" estafetini bu gün "Bir müəllimin manifesti" ilə davam etdirir.  

Məmməd müəllim Hafiz Paşayevin son günlər "Qoridən gələn qatar" kitabını mütaliə etdiyini deyir. İlk dəfə 1993-cü ildə çapdan çıxan bu gözəl kitabın Qazax müəllimlər seminarıyasının yubileyi ərəfəsində təkrar nəşr edilməsi vacib hadisədir. Zənnimcə, bu kitab Şəmistan Nəzirlinin ən gözəl əsərlərindən biridir...
Əfsanəvi təhsil ocağımızın yubileyi ərəfəsində Şəmistan Nəzirlinin 80 illik yubileyini ürəkdən təbrik edirəm. Çox yaşa, Hərb Tariximizin Generalı! Uzun yaşa, sağlam yaşa!

Sənə çox minnətdarıq!

Ümid edirəm ki, biz sənin nə qədər böyük işlər gördüyünün fərqindəyik!
Əsil təbrik sözlərimi isə Qazaxda, seminariyanın 100 illiyində söyləyəcəm...

İbrahim Nəbioğlu

Milli.Az