Bakıda insanları soyan yeni fırıldaqçı şəbəkə PEYDA OLUB

13 Avqust 2022 18:37

Paytaxtımızda yeni fırıldaq şəbəkəsi peyda olub. Şəbəkə üzvləri əhalinin gediş-gəliş çox olduğu yerlərdə müxtəlif oyunlar təşkil edərək əhalini açıq-aydın soyur.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, fırıldaqçılar əsasən günün pik saatlarında səyyar "xidmət" göstərirlər. 

Bu kadrlar metronun "Həzi Aslanov" stansiyasının çıxışında lenta alınıb. Fırıldaqçı şəbəkə üzvləri sakinləri oyuna şirnikləndirmək üçün masanın üstünə müxtəlif əşyalar və daha çox siqaretlər düzür.

Oyuna qoşulmaq istəyən ən azı bir manatından keçməlidir. Və masaya düzülən əşyaların birini qazanmaq üçün "oyunçu" halqanı masanın üstünə atmalıdır.

Əgər halqa hansısa əşyanın üstünə düşsə "oyunçu" həmin əşyanı udmuş hesab edilir. Amma halqanı əşyanın üstünə atmaq hər adama qismət olmur. Əvəzində sadəlöhv sakinlər bir neçə saata xeyli pul itirmiş olur. 
 

Məsələ orasındadır ki, kustar prinsiplərlə idarə olunan bu "oyun" heç bir məntiqə sığmır. Bu keçən əsrin 90-cı illərində mövcud olan "üskük oyunu"na bənzər bir kələkdir. Yəni, bu "əyləncə" heç bir fəaliyyət növünə aid deyil və lisenziyalaşdırılmayan, hər hansı qaydalara oturdulmayan bir kələkbazlıqdır.

Marqlısı isə odur ki, belə bir kələyi bu adamlar ictimai yerdə həyata keçirə bilirlər.

Milli.Az