Ursula fon der Lyayen Azərbaycanla əməkdaşlığı inkişaf etdirməklə Aİ-nin enerji təhlükəsizliyini gücləndirir - Azərbaycanın Fransadakı səfiri

9 Avqust 2022 14:28

Son zamanlar ermənipərəst siyasətçilər açıq şəkildə Fransa hökumətinə Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair Bakıda imzalanmış Anlaşma Memorandumunun həyata keçirilməsinin qarşısını almağa çağırış edirlər. Memorandum Fransa mətbuatında kəskin tənqidlərə məruz qalır. O cümlədən, Fransanın "Le Monde" qəzetində Azərbaycana və bu sənədə qarşı qərəzli məqalə dərc olunub.

Bu yazıya, Avropanın nüfuzlu Mediapart informasiya portalına münasibət bildirən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qeyd edir ki, 50 fransalı deputatın Aİ-nin 28 üzv dövləti üçün Azərbaycanla enerji təhlükəsizliyi əlaqələrini necə quracaqlarına dair qərar verməsini izləmək gülməlidir:

"Bu deputatlar özlərini obyektiv göstərərək Ermənistan tərəfindən tez-tez səsləndirilən tənqidi mövqeyi Fransa ictimai rəyinə inandırmağa çalışırlar.

Sözügedən fransalı parlamentarilərin qərəzini bir kənara qoyub faktlara gəldikdə isə, əslində, Azərbaycan uzun müddətdir ki, Aİ üçün etibarlı enerji tərəfdaşıdır. Artıq 1997-ci ildə Xəzər dənizinin yeni yataqlarından hasil edilən neft Avropa bazarlarını təmin etməyə başladı. Son 25 il ərzində Azərbaycan Avropanın etibarlı enerji təchizatçısı, xüsusilə Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyanın enerji təhlükəsizliyində mühüm amil olaraq qalıb. 25%-i Azərbaycan tərəfindən maliyyələşdirilən, Aİ-nin əsas layihəsi olan Cənub Qaz Dəhlizinin tikintisi çərçivəsində 2014-cü ildən Azərbaycanın neft-qaz şirkəti olan SOCAR və onun tərəfdaşları Yunanıstanda (22 milyon avro dəyərində), İtaliyada (12 milyon avro dəyərində) və Albaniyada (14 milyon dəyərində) sosial proqramlara böyük sərmayə yatırıblar. SOCAR-ın dəstəyi ilə Gürcüstan ərazisi demək olar ki, tamamilə qazlaşdırılıb. İqtisadi nöqteyi-nəzərdən İtaliya şirkətləri Cənub Qaz Dəhlizinin tikintisi üçün 8 milyard avro dəyərində müqavilələr imzalayıb, Albaniyada 2 milyard avro, Yunanıstanda isə 1,5 milyard avro civarında sərmayə yatırılıb. SOCAR Balkan ölkələri, xüsusilə Albaniya, Bosniya-Herseqovina, Xorvatiya və Monteneqro ilə birlikdə hazırda bu ölkələrdə qaz nəqli sistemlərinin inkişaf etdirilməsi imkanlarını araşdırmaqdadır.

Bütün bu illər ərzində Azərbaycan qazının Avropa bazarı üçün əhəmiyyəti və təsiri budur. Bunu kim inkar edə bilərdi? Bunlar "Le Monde"qəzetində dərc olunan məqalə müəlliflərinin [Burada səfir sözügedən 50 fransalı parlamentarini vurğulayır] qərəzli demaqogiyasından daha inandırıcı görünən reallıqlar və perspektivlərdir", - R.Mustafayev deyib.

Səfir qeyd edib ki, bu kontekstdə həmin məqalə müəlliflərinin Azərbaycan qazının ixracından əldə olunan gəlirlərin "Ermənistan Respublikasında ermənilərin məhv edilməsi"nə yönəldiləcəyi haqqında söylənilən fikirləri təmamilə əsassızdır:

"Xatırlatmaq istərdim ki, 1991-1993-cü illərdə Qarabağın ətraf rayonlarının işğalı zamanı Ermənistan etnik təmizləmə apararaq, təkcə azərbaycanlıları deyil, əhalisinin demək olar ki, 8%-ni təşkil edən 46 etnik və dini azlığın nümayəndələrini də qovub. Bununla da, Qarabağ öz tarixində ilk dəfə olaraq monoetnik bölgəyə, faktiki olaraq erməni hərbi kazarmasına çevrildi. Azərbaycanlıların, eləcə də digər etnik qrupların mədəni və dini irs abidələri vəhşicəsinə dağıdıldı. Bu gün, Qarabağın azad edilməsindən sonra, fransalı parlamentarilərin "Le Monde" qəzetində dərc olunmuş iddialarının əksinə olaraq, qaz və neftdən əldə olunan gəlirlər Qarabağı dirçəltməyə, o cümlədən, minalardan təmizləmə işlərinin aparılmasına, müasir magistral yolların salınmasına və hava limanlarının tikilməsinə, qəsəbələr, kəndlər və ağıllı şəhərlərin tikilməsinə, mədəniyyət və memarlıq abidələrinin, məscid və kilsələrin qorunmasına kömək edəcək. Bu intibah işlərinin nəticələri ölkəmizin bütün vətəndaşları, o cümlədən erməni əsilli vətəndaşlar üçün əlçatan olacaq.

Sözügedən fransalı deputatlar hesab edir ki, guya, Azərbaycan öz artan hərbi gücündən "münasibətlərin normallaşması prosesi" adı altında "Ermənistanın suveren ərazisində Türkiyəni Azərbaycanla birləşdirəcək bir dəhlizin açılması üçün istifadə edəcək". Hətta regionun tarixinə dair ibtidai biliklər də onlara başa düşməyə imkan verərdi ki, söhbət 1920-ci ildən 1992-ci ilə qədər mövcud olmuş, daha sonra isə Ermənistan tərəfindən blokadaya salınaraq, bununla da Azərbaycanın Naxçıvanla əlaqəsinin kəsilməsinə səbəb olan nəqliyyat yollarından gedir. 30 illik blokada artıq başa çatdı və kommunikasiyalar bərpa olunacaq.

Eyni zamanda, bu fransalı parlamentarilərin Ermənistanla Azərbaycan arasında "münasibətlərin normallaşması prosesi" ilə bağlı ironiyası da anlaşılan deyil. Bakı İrəvana sülh müqaviləsi üçün 5 baza prinsipi təklif edib. Təəssüflər olsun ki, Ermənistan bu təkliflərə cavab vermir, bununla da kommunikasiyaların açılmasını gecikdirir, danışıqlar prosesini məhdudlaşdırır və faktiki olaraq gələcək sülh müqaviləsinin hazırlanmasını pozmağa çalışır. Bu, təəssüf doğurur.

Zəngəzur bölgəsi ilə bağlı iddia edilən ambisiyalarımıza gəlincə, xatırlatmaq istərdim ki, Azərbaycanın bu bölgəsi 1920-ci il dekabrın 2-də İrəvanda hakimiyyəti ələ keçirən erməni kommunist hökumətinə dəstək məqsədilə qanunsuz olaraq Ermənistana birləşdirilib. Həmin vaxt bu bölgədə çoxluq təşkil edən Azərbaycan əhalisinin (1916-cı ilin son rəsmi siyahıyaalınmasına görə 53% və ya 119 min azərbaycanlı, 44% və ya 99 min erməni) fikri nəzərə alınmadı. Rus bolşevikləri bu bölgəyə heç bir muxtariyyət vermədilər - nə milli, nə ərazi, nə də mədəni. Ona görə də Azərbaycanın bugünkü mövqeyi kifayət qədər məntiqlidir: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımazsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü və sərhədlərini tanımayacaq", - diplomat bildirib.

R.Mustafayev vurğulayıb ki, Ermənistan yuxarıda qeyd edilən 5 baza prinsipi tanımalı, beynəlxalq hüququ və qonşuları ilə harmoniyada yaşamağı öyrənməli, Türkiyə və Azərbaycana qarşı tarixi nifrət və düşmənçilik ənənəsindən əl çəkməlidir.:

"Tarixin göstərdiyi kimi, şovinizm və millətçilik Ermənistana kömək etməyib. Əksinə, bu gün onu zəif və asılı dövlətə çevirib.

Onu da xatırladaq ki, bu günə qədər bəzi fransalı deputatların mütəmadi olaraq Azərbaycana qarşı düşmənçiliyə sövq etmələri, Azərbaycan xalqına və dövlət məmurlarına qarşı tüğyan etmələri, heç də maraqlarını qorumalı olduqları ölkəyə heç bir fayda vermədi. Əksinə, Fransanın Azərbaycandakı imici bu gün ən aşağı tarixi səviyyədədir və Fransa diplomatiyası və şirkətləri bizim ölkəmizdə bir vaxtlar sahib olduqları yüksək mövqelərini artıq itiriblər. Buna görə də biz mümkün qədər tez hörmətli dialoq, əməkdaşlıq və birgə yaşamaq bacarığını təşviq etməliyik. Ursula fon der Lyayen və Avropa Komissiyasına güclü və vahid Avropa qurmaqda dəstək olmaq lazımdır. Bu, bütün tərəflərin xeyrinə olacaq. Bu gün necə deyərlər, bu, Avropa və Azərbaycan üçün qarşılıqlı fayda və qazan-qazan tərəqqisi üçün əməkdaşlıq olacaq", - səfir vurğulayıb.

Milli.Az