İslamiadada yığmamız qələbə qazandı

9 Avqust 2022 13:10

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi voleybol yığması Sudan yığmasını məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan komandası birinci setdə 25:13, ikincidə 25:20, üçüncüdə isə 25:22 hesabı ilə qalib gəlib.

Beləliklə, 3:0 hesabı ilə qalib gələn komandamız yarışın növbəti mərhələsinə adlayıb.

Avqustun 11-də Azərbaycan voleybol komandası Kamerun komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunların rəsmi açılış mərasimi bu gün baş tutacaq. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərində 14 obyektdə keçiriləcək. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq. Azərbaycan oyunlarda 24 idman növündən 22-i üzrə 300 idmançı ilə təmsil olunur.

Milli.Az