Nəvəsi Hacıbaba Hüseynovun dəfinin qiymətini 150 min dollara qaldırdı - “Biz dəfi pul üçün satmırıq”

9 Avqust 2022 16:22

"30 ildə bir dəfə də olsun bizimlə maraqlanmayan muzey, satıldığını eşidən kimi Hacıbaba Hüseynovun dəfinə pulsuz sahiblənmək istəyir".

Milli.Az xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyinin ünvanına bu ittihamla bizim.media-ya verdiyi özəl açıqlamada mərhum xanəndə Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseynova çıxış edib. 

Fatimə xanım deyir ki, bütün saytlar Hacıbaba Hüseynovun dəfini 100 min manata satışa çıxardığımız haqqında yazıb, bu ağ yalandır, biz elə qiymət səsləndirməmişik. Nəvənin sözlərinə görə dəfi uzun illər sonra satışa çıxarmalarının səbəbi məişət qayğıları ilə bağlı deyil.

Həmçinin mərhum xanəndənin yadigar qoyduğu dəfi 150 min dollardan aşağı satmaq fikrində də deyillər:

"Dəfin satılmasını bizə ilk dəfə iranlı biznes adamı təklif etmişdi. Bizə yaxın adamımız vasitəsilə dəfi alıb İrana aparmaq istədiklərini bildirmişdilər. Biz isə ona həmin vaxt razılıq vermədik. Pandemiyadan öncə bu söhbət yenidən açıldığı zaman anam yenə də buna razı olmadı. Pandemiyadan sonra isə ailəmizdə bəzi problemlər yarandı və biz  dəfi satmaq qərarına gəldik.

Bu illər ərzində pis-yaxşı dolanmışıq. Babamın dəfini də, qoruyub saxlamışıq. 3-5 minə təklif etsəydik, deyərdim ki, dolana bilmədiyimiz üçün onu satırıq.

Yəni, biz dəfi pul üçün satmırıq, ona qoyduğumuz qiymət 150 min dollardır. Bizə kim 150 min dolları gətirib verəcəksə, biz Hacıbaba Hüseynovun dəfini ona verəcəyik. Verilməyəcəksə, Azərbaycan muğamının tarixini özündə daşıyan baba yadigarını nə hansısa bir ifaçıya, nə də muzeyə hədiyyə etmək fikrində deyilik"

Fatimə Hüseynova onu da qeyd etdi ki, Hacıbaba Hüseynovun dəfini hədiyyə olaraq əldə etmək istəyənlər arasında Azərbaycan Milli İncəsənət Muzeyi də var:

"30 ildə muzey rəhbərliyi bir dəfə də, olsun bizimlə maraqlanmayıb. İndi dəfin satıldığını eşitdikləri zaman birdən-birə əl-ayağa düşüblər. 15 gün öncə Azərbaycan İncəsənət muzeyindən Təranə adlı bir xanım bizə zəng vuraraq dəfi pulsuz olaraq muzey üçün əldə etmək istədiyini bildirdi.

Verməyəcəyimi bildirdikdə isə məni maddi hərisliyində ittiham etməyə başladı. Bəzən hər hansı səbəbdən dolayı xaricdə milyonlar müqabilində hərraca çıxarılan maddi - mədəniyyət abidələrimizə dövlətimiz tərəfindən sahib çıxılır.

Onlar alınaraq milli muzeylərimizə yerləşdirilir. Azərbaycan Milli İncəsənət Muzeyi Hacıbaba Hüseynovun dəfinə sahib çıxmaq istəyirsə, bəs niyə aləti ödəniş etmədən sahiblənmək istəyir? Unutmamaq lazımdır ki, bu dəfi ölkə xaricində hər hansı bir muzeydən əldə etmək istədikdə, indiki məbləğin iki və ya üç qatını ödəmək məcburiyyətində qalacaqlar".

Milli.Az