Azərbaycanda nadir ƏMƏLİYYAT - Qaziyə sinir nəql edildi, barmaqları işlədi - VİDEO

8 Avqust 2022 15:30

44 günlük müharibə dönəmində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı əsasında , həm də könüllü olaraq döyüşlərə qatılan bir qazimizdən danışacağıq. Ağdərədə ağır yaralanan İbrahim Hüseynovdan. Sol ayağından ağır yaralanan qazimizin ayağının amputasiya ediləcəyini  düşünürdü bəzi həkimlər, amma şükürlər olsun ki ona sinir köçürmə  əməliyyatı  icra olundu və hələ ki,  hər şey qaydasındadır. 

Ayağını itirmək təhlükəsi vardı. Ayaq heç bir funksiya icra etmirdi. Sağlam ayağından sinir alınıb yaralı ayağa köçürüldü. Qazimizin ayağı amputasiya olunmaqdan xilas edildi.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Talış kəndi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə iştirak edən İbrahim Hüseynov. Ağdərədə sol ayağından ağır yaralanıb. Düşmənin atdığı tank mərmisi ayağınki bütün sinirləri kəsərək zədələyib. İbrahim Naftalan və Gəncədə 2 dəfə əməliyyat olunub.. amma çifayda. Ayaq yenidən şişib, qaralıb, barmaqlar və pəncə isə tamam  hərəkətsiz qalıb.  Həkimlər ayağın amputasiya ediləcəyini bildirib, növbəti əməliyyatlardan imtina ediblər.

Ağır əməliyyatı travmatoloq Tofiq Abdullayev üzərinə götürür. Qazimizin kəsilmə təhlükəsi olan ayağına ikinci həyat verir. Sağlam ayaqdan sinir götürüb yaralı ayağa köçürmə əməliyyatı 6-7 saat çəkir. 

Həkim bunun nadir bir əməliyyat olduğunu, Travmatologiya İnstitutunda ilk dəfə icra edildiyini deyir.

Beləcə həkim Abdullayevin keçirdiyi uğurlu əməliyyatla qazi İbrahim Hüseynovun ayağı xilas olundu. Zamanla sinirlər bitişdikden sonra ayaq hərəkət edə biləcək. 

Milli.Az