Mağazalarımızda şirniyyatlar necə saxlanılır?
3 Aprel 2012 13:09
"Ekspress" qəzeti yazır ki, indi ərzaq mağazalarımızı müxtəlif çeşidli şirniyyatlar bəzəyir. Amma çox vaxt bəh-bəhlə alıb yediyimiz bu şirniyyatların necə və harada hazırlandığının fərqinə varmırıq. Son günlər bir neçə sexdə aparılan yoxlamalar zamanı şirniyyatların antisanitariya şəraitində hazırlandığı aşkara çıxarılıb. Bəs mağazalarımızda necə, satdıqları şirniyyatların haradan gəldiyini bilirlərmi? Elə bu suala cavab tapmaq məqsədilə bir neçə şirniyyat mağazasına baş çəkdik.
Şirniyyat satıcısı Leyla Umudovanın sözlərinə görə, bişirilmə və satılma eyni mağazada aparılsa da, şirniyyatların necə bişirildiyindən xəbərsizdir. "Mən satıcıyam, işim hazır şirniyyatları satmaqdır. Daha onların hansı şəraitdə, necə bişirildiyi ilə maraqlanmamışam".
Satıcı deyir ki, şirniyyatlar çox zaman bişirildiyi gün satılsa da, satılmayan şirniyyatlar suxari edilir, yəni sexin tullantısı olmur. "Bəzən olur ki, 2-3 günün şirniyyatlarını da sata bilirik. Təbii ki, bu, alıcının istəyinə bağlıdır".
Həmsöhbətim bəzən alınan şirniyyatların geri qaytarıldığını da bildirir. Belə ki, şirniyyata baxmadan alıcı sonradan onu hansısa səbəblə geri qaytarır. "Bu zaman biz alıcıya başqa şirniyyat təklif edirik. Bəzən olur ki, alıcı şirniyyatdan tük və yaxud başqa xoşagəlməz nəsə çıxdığını iddia edir. Belə olan halda, ona pulunu qaytarırıq".
Mağazada müxtəlif şirniyyat növləri ilə yanaşı, tortlar da satılır. Satıcının sözlərinə görə, tortların satışı da alıcıların istəyinə bağlıdır. Elə alıcı var ki, vitrində olan tortun eynisindən şifariş verir, amma vitrindəkini almır. Tortların saxlanma müddətinə gəlincə, L.Umudova bildirir ki, tortlar vitrində 7 gündən artıq qalmır. "Bizim alıcılarımız çoxdur. Tortlarımız bir həftə ərzində satılır və yeniləri bişirilir".
Şirniyyatçı Nailə Sultanovanın sözlərinə görə, tortlar biskvitli, vaflili, qırıntılı və müxtəlif məhsulların qarışığından hazırlandığı üçün onların bişirilməsi, saxlanma müddəti və şəraiti müxtəlifdir. "Evdə özünüz tort bişirəndə nə qədər saxlaya bilirsinizsə, mağazalarda da bişirilən tortların saxlanma müddəti eynidir. Çünki tortların bişirilməsi zamanı eyni məhsullardan istifadə edilir. Şirniyyatlar isə bir az uzunömürlüdür. Şəkərbura-paxlavanı soyuducuda 10 gün saxlamaq olur. Bunu biz evlərimizdə də belə üsulla saxlayırıq".
N.Sultanovaya görə, meyvəli-yaş tortların saxlanma müddəti daha az olur. Belə ki, tortun tərkibindəki meyvələr hava ilə reaksiyaya girərək, çürümə prosesinə səbəb olur. Meyvəli tort turşumuş, qıcqırmış qoxu verirsə, ondan istifadə etmək olmaz. Əks halda, bu, zəhərlənmə ilə nəticələnə bilər. Quru biskivitli tortların isə xəmiri bir az sadə olduğu üçün 5 gün saxlamaq olur. Tort və şirniyyatları saxlayarkən bişirilmə üsulu və tərkibindəki məhsullar nəzərə alınmalıdır.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, orqanoleptik göstəricilərinə görə, istifadə üçün nəzərdə tutulan yarımfabrikatların xarakteristikası, üzərində qüsuru olmayan bişmiş bir, yaxud bir neçə qat yarımfabrikatlar kənar dad və iy verməməlidir. Tort bişirilərkən uyğunluq sertifikatı olan idxal olunan xammal və yarımfabrikatlardan istifadə edilməlidir.
Mağazalarda tortları çəki, dilim və kilo ilə satırlar. Dilim formasında olan tortlar qüvvədə olan normativ sənədlərə uyğun olaraq kartondan, yaxud polimer materialdan olan qutulara yerləşdirilməlidir.
Tortların qablaşdırılması da çeşidlərinə görə müxtəlif olur. Belə ki, tort qablaşdırılan zaman qutunun dibinə perqament materiallı salfetka, sellofan, parafinlənmiş kağız kimi materiallar salınmalıdır. Vaflili tortlarda isə salfetkanın həcmi digərlərindən daha böyük olmalıdır. Vaflili tortlar bütünlüklə salfetkanın, yaxud cığ-cığ kağızın içində olmalıdır.
Tortlar markalanarkən əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun adı, xalis çəkisi, istehsalın tarixi, saatı, saxlama müddəti, sertifikatlaşan məhsul üçün uyğunluq nişanı, məhsulun 100 qramının qida və enerji dəyəri haqda məlumat, mövcud standart, saxlama şəraiti kimi mühüm göstəricilər üzərində qeyd olunmalıdır.
Qurumun məlumatında qeyd edilir ki, tort və şirniyyatlar şəhərlərarası daşımalarda müxtəlif yeşiklərdə, faner və karton qablarda, mövcud sanitar qaydalara uyğun olaraq örtülü nəqliyyat vasitələrində daşıyırlar. Tortların spesifik qoxusu olan təzə bişmiş çörək və digər məhsullarla bir yerdə daşınmasına icazə verilmir. Məlumatda kremli və meyvəli tortların soyuducuda 4+2 C temperaturda, şokoladlı-vaflili tortların isə 18+-3 C temperaurda 5 günə qədər saxlanmalı olduğu qeyd olunur.
Amma təəssüf ki, çox zaman qeyd olunanlar həyata keçirilmir. Bu səbəbdən mağazalardan tort və şirniyyat alarkən diqqətli olmaq lazımdır. Əks halda, şirniyyat yemək istəyiniz zəhərlənmə ilə nəticələnə bilər.
Milli.Az