"Milli komandamız hazırda dünyanın ən güclülərindən biridir"

5 Avqust 2022 18:38

Bədii gimnastika üzrə Azərbaycan milli komandası hazırda dünyanın ən güclülərindən biridir. Bunu iyun ayında Təl-Əvivdə keçirilmiş və Azərbaycan millisinin dörd bürünc medal qazandığı Avropa çempionatı nümayiş etdirdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bədii gimnastika üzrə dəfələrlə dünya çempionu, 1996-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı, Rusiyanın əməkdar idman ustası, 2019-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının səfiri Yana Batırşina deyib.

Xatırladaq ki, Yana Batırşina bu gün Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı bədii gimnastika yarışlarında təmsil edəcək azərbaycanlı idmançıların yoxlama məşqində iştirak edib. Məşq Bakıdakı Milli Gimnastika Arenasında keçirilib.

"Azərbaycan komandasının Avropa çempionatındakı nəticəsi çox yaxşıdır. Xüsusilə qrup hərəkətlərində bütün proqramlarda bürünc medal qazanan Azərbaycan yığmasını qeyd etmək istəyirəm. Həmişə deyirəm ki, Azərbaycanın düzgün istiqamətdə inkişaf edən çox güclü komandası var", - deyə Y.Batırşina bildirib.

Milli.Az