Paşinyanın Putinə, Şoyqunun Bakıya zəngindən sonra tökülən qan...

5 Avqust 2022 15:00

Avqustun 2-də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə zəngi və elə həmin gün müdafiə naziri Sergey Şoyqunun azərbaycanlı həmkarı Zakir Həsənovla danışmasının səbəbləri haqda rəsmi məlumat ümumi sözlərdən ibarət olsa da, aydındır ki, bu təmaslar səbəbsiz deyil. Ehtimal etmək olar ki, İrəvan üçtərəfli öhdəlikləri, xüsusilə də qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılmaması barədə Bakının narazılığının hər keçən gün artmasından ciddi narahatdır.

Milli.Az "Yeni Müsavat"a istinadən bildirir ki, rəsmi Bakı bu öhdəliyə əməl edilməməsində Rusiyanın bölgədəki sülhməramlı missisiyasının da məsuliyyət daşıdığını bəyan edir. Amma İrəvan da, Rusiya Müdafiə Nazirliyi də bu xəbardarlıqlardan nəticə çıxarmırlar. İndi isə son günlər ermənilər hay-küy qaldırıblar ki, guya Azərbaycan yenidən sərhədə qoşun toplayır. Məhz bu səbəbdən qorxuya düşən Ermənistan rəhbərliyi qabaqdangəlmişlik edərək Rusiyaya Bakıdan şikayətlənir, yenidən Moskvaya yalvarmaq xətti tutur.

Düzdür, Paşinyanın Putinlə üçtərəfli bəyanatın icrasını müzakirə etdiyi deyilir, amma fakt budur ki, məhz Ermənistan üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir. O halda, hər mənada üzüqara olan Paşinyan sənəddə imzası olan Putinə nə deyə, nəyi müzakirə edə bilərdi ki?! Eləcə də Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi də Bakıya hər hansı irad bildirə bilməz. Çünki dövlət başçısı İlham Əliyev son çıxışlarının birində Rusiya Müdafiə Nazirliyi rəhbərliyinə daxil olan şəxsin nəzərinə çatdırmışdı ki, qanunsuz silahlıların bölgədən iyunda çıxarılacağı vədinə əməl edilmir. Amma daha bir maraqlı məqam bu təmaslardan sonra məhz qanunsuz erməni silahlı birləşmələrinin Laçın istiqamətində gərginlik yaratması və Azərbaycan Ordusunun əsgərinin şəhid olması faktıdır. Bu telefon təmaslarından sonra bölgədə gərginliyin artmasını necə izah etmək olar? Ermənistanı "ürəkləndirən" və ya qorxuya salan səbəblər nədir?

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, qarşımızda dayanan separatçılar deyil, onlarla məsələni həll etmək çətin deyil, aydınlaşdırılmalı məsələ Kremlin verəcəyi qərarla bağlıdır: "Azərbaycan Qarabağda Rusiya ilə toqquşmaq istəmir, danışıqlar yolu ilə rusiyalı hərbçilərin alternativ yola keçidi təmin edilməlidir. Bu məqsədlə yaxın günlərdə Bakı ilə Moskva arasında danışıqların intensivləşəcəyini proqnozlaşdırmaq olar. Rusiya sülhməramlıları Laçına alternativ yolun tikintisinə mane olmadılar. Deməli, Kreml Laçın dəhlizinin alternativ yolla əvəz edilməsi ideyasının əleyhinə deyil, bu bənd 2020-ci ilin 9 noyabr ortaq bəyanatında da yer alıb. Sadəcə, alternativ yol vaxtından əvvəl inşa olunub. Əgər Moskva Azərbaycanla strateji tərəfdaşlığın davamını istəyirsə, sülhməramlılarını alternativ yola köçürməli, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycan Ordusunun nəzarətinə keçməsinə imkan verməlidir. Əks halda, Rusiya-Azərbaycan münasibətlərində çat baş verəcək".

Təhlilçi Şahin Cəfərli isə hesab edir ki, növbəti gərginləşmə xarici işlər nazirlərinin Tiflis görüşündən sonra başladı: "Rusiya Azərbaycan və Ermənistanın öz problemlərini ikitərəfli formatda müzakirə etməsində, hərtərəfli sülh müqaviləsinin hazırlanıb imzalanmasında və beləliklə, problemə nöqtə qoyulmasında maraqlı deyil. Moskva 10 noyabr bəyanatının çərçivəsi içərisində hərəkət etməyi məsləhət bilir. Sülh müqaviləsi Qarabağdakı "sülhməramlı" kontingentə ehtiyac olub-olmadığı sualını gündəmə gətirəcəyi üçün burada idarəolunan gərginliyin qalması, zaman-zaman silahlı provokasiyaların baş verməsi Moskvanın marağındadır. Rusiya dünyaya bu mesajı çatdırır ki, azərbaycanlılar və ermənilər hələ də bir-birini didməyə hazırdır və mən olmasam, burada nələr baş verə biləcəyini düşünün. Bu halda Qərb də yerli ermənilərin təhlükəsizlik təminatı kimi Qarabağda rus əsgərlərinin qalmasına isti baxmağa başlayır".

Ş.Cəfərlinin dediyinə görə, Qarabağdakı yerli qanunsuz silahlı dəstələr Paşinyan hökumətinə tabe deyil, hətta sabah Ermənistandan gəlmiş hərbi birləşmələr oradan çıxarılsa belə, Rusiya yenə "dqr ordusu"nun əli ilə təxribatlar törədə bilər: "Necə ki, bunu edir. Digər tərəfdən, Paşinyan hökumətinin dayaqları möhkəm deyil və içəridə kifayət qədər resursa malik, Rusiyaya bağlı müxalifət var. Rusiya hələ də Ermənistan daxilində destabilizasiya və xaos yaratmaq imkanındadır. Uzun sözün qısası, qapalı dairədən hələ ki çıxa bilmirik".

Siyasi şərhçi Turan Rzayevin fikrincə, əslində Kremlin dünyaya vermək istədiyi mesaj açıq və aydındır: "Azərbaycan və Ermənistan arasında gərginlik hələ də bitməyib və mən olmasam real müharibə ola bilər.  Təəssüf ki, Rusiya hər an "dqr ordusu"nun əli ilə təxribatlar törədə bilər. Biz bunu Azərbaycan əsgəri Anar Rüstəm oğlu Kazımovun şəhid olması və "Qisas" əməliyyatı fonunda müşahidə etdik. Ermənistan müxalifətində Rusiyaya sadiq qüvvələrin olması da danılmaz faktdır. Bu səbəbdən, Paşinyan administrasiyası Azərbaycanla dialoqda özünü çox ehtiyatlı aparır. "Qisas" əməliyyatının diqqətçəkən bir məqamı da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən görüşdən qısa müddət sonra baş verməsidir. Tiflis görüşü hər nə qədər Gürcüstanın təşəbbüsü ilə reallaşmış görünsə də, pərdəarxasında Vaşinqtonun olduğu açıq idi.

ABŞ dövlət katibi Entoni Blinkenin bir müddət öncə həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın baş naziri Nikol Paşinyana telefon zəngi də əslində Vaşinqtonun prosesi nizamlamaqda maraqlı olduğunu göstərir. Lakin Brüssel formatında olduğu kimi bu məsələdə də Rusiya moderatorluğu itirməmək üçün prosesə müdaxilə etməkdən geri durmur". Təhlilçi hesab edir ki, Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədilməsi, daha sonra rəsmi Bakının "Qisas" əməliyyatı keçirməsi Kremlin maraqları çərçivəsindədir: "Rusiya indiki məqamda ABŞ-ın və ya başqa bir qüvvənin Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə etməsinə razı deyil. Çünki sülh müqaviləsi Qarabağdakı "sülhməramlı" kontingentə ehtiyac olub-olmadığı sualını gündəmə gətirəcəyi üçün burada gərginliyin qalması, zaman-zaman silahlı provokasiyaların baş verməsi Moskvanın marağındadır. Konfliktin davam etməsi sülhməramlıların qalmasını zəruri edir".

Milli.Az