“Qazprom” Avropaya çatmayan qazı yandırır

4 Avqust 2022 23:59

"Şimal axını" qaz kəməri ilə Avropaya təbii qaz tədarükünün kəskin azalması "Qazprom"un, görünür, sənaye miqyasında qaz yandırmağa başlamasına səbəb olub.

Bu barədə Finlandiyanın YLE yayım korporasiyası şahidlərin ifadələrinə və NASA-nın məlumatlarına istinadən xəbər verir.

İyunun 17-də Rusiya-Finlandiya sərhədi yaxınlığında, qaz nəqlini təmin edən Portovaya kompressor stansiyasının ətrafında görünən nəhəng məşəl belə bir qənaətə gətirib. Alovu hər gün birbaşa sərhəddin digər tərəfindən görmək mümkündür. NASA-nın yanğın monitorinq sistemindən əldə edilən peyk görüntüləri müşahidələri təsdiqləyir.

Bu müddət ərzində başqa yanğınlar aşkar edilməyib.

"Qazprom" "Şimal axını" ilə qaz tədarükünü iyunun ortalarında sutkada 167 milyon kubmetrdən 67 milyona qədər məhdudlaşdırıb. Şirkət bunu Qərbin sanksiyalarına görə təmir edə bilmədiyi "Siemens" avadanlığının nasazlığı ilə izah edib.

Milli.Az