bp BTC kəməri ilə neft ixracını artırıb

4 Avqust 2022 21:08

2022-ci ilin birincia yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunmuş təqribən 14,1 milyon ton (təxminən 107 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənib və yola salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən ilin eyni dövründə bu göstərici 99 milyon barel təşkil etmişdi. Beləliklə, BTC ilə neft ixracı il ərzində 8,08 faiz artıb.

Ümumilikdə, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 087 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

Milli.Az