Psixoloqlar autizmli uşaqları döyür - Jurnalistdən dəhşətli iddia

4 Avqust 2022 20:25

Jurnalist Esmira Cavadova autizmli uşaqların psixoloqlar tərəfindən döyüldüyü ilə bağlı paylaşım edib.

Jurnalist bildirib ki, valideynlər bu kimi halların ictimailəşdirilməsindən yayınırlar:
"Mən dəfələrlə autizmli uşaqların psixoloqlar tərəfindən döyüldüyünü eşitmişəm. Elə anaların öz dilindən eşitmişəm. Ancaq hər dəfə ictimailəşdirmələrini təklif edəndə, fikirləşmək üçün möhlət istəyib, sonra da fikirlərindən daşınıblar.

Bir neçə gün əvvəl yenə oxşar hadisə barədə eşitdim, hətta ana ilə Vatsap üzərindən danışdım, hər dəfə bir bəhanə ilə yayındı. Halbuki, gözünün qarşısında baş verənlərlə bağlı yazdığını oxuyanda adamın tükləri bizbiz olurdu.

Dediyinə inansaq, psixoloq uşağı ananın gözü qarşısında təpiyinin altına salıb döyüb, iş polisdədir. Ay evə çatım, zəng edəcəm, ay ərimlə məsləhətləşim, danışacam, ay polisdən çıxım, gələcəm, mənasız bəhanələrlə uşağının başına gələnləri ictimailəşdirməkdən yayındı.

Əgər həqiqətən də uşağın döyülməsini ictimailəşdirməsinə "el-aləm nə deyər" düşüncəsiylə əri mane oldusa, elə atanın özünü təpik altına salmaq lazımdır.

Autistlər xüsusi qayğıyla əhatə olunmalı uşaqlardır. Onlarla məşğul olmaq böyük səbr tələb edir, hər adamın başını soxacağı kol deyil. İş orasındadır ki, indi hər yerindən duran psixoloqluğu qazanc yeri seçib. Hərə bir yolla sertifikat əldə edib uşaqların "ömrünə oturur", çox valideynin də bundan xəbəri olmur. Xüsusi qayğıya ehtiyacı olan uşaqları heç bir halda kiminləsə tək buraxmayın".

Milli.Az