Türkiyə və Azərbaycan arasında sadələşmiş gömrük dəhlizi nə qazandıracaq? - təhlil

4 Avqust 2022 16:40

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Türkiyə və Azərbaycan sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasının son mərhələsindədir. Bunu Türkiyənin ticarət naziri Mehmet Muş Türkiyə, Özbəkistan və Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin Daşkənddə keçirilən üçtərəfli görüşündə deyib: "Biz bu layihəni Azərbaycanla pilot rejimdə həyata keçirməyə başlamaq üçün texniki baza yaradırıq. Türkiyə Özbəkistanla da analoji gömrük dəhlizini həyata keçirməyə hazırdır".

Nazirin sözlərinə görə, Türkiyə, Azərbaycan və Özbəkistanın ümumi ÜDM-i 1 trilyon dollara çatır, üç ölkənin əhalisinin sayı isə 130 milyon nəfər təşkil edir ki, bu da böyük potensialın göstəricisidir.

Mehmet Muş qeyd edib ki, Azərbaycan və Özbəkistanla imzalanan güzəştli ticarət sazişləri Türkiyənin bu potensialın reallaşdırılmasına verdiyi önəmdən xəbər verir: "İnanıram ki, bu sazişlərin əhatə dairəsinin genişlənməsi ilə dövlətlərarası münasibətlərin yeni dövrü gələcək. Bundan əlavə, gömrükdə bürokratiyanın azaldılması istiqamətində tədbirlərin görülməsi ticarəti asanlaşdıracaq və ticarətə müsbət təsir edəcək".

Nazir Ankaranın gömrük prosedurlarının sadələşdirilməsinə önəm verdiyini qeyd edib: "Azərbaycan və Özbəkistan Türkiyənin Mərkəzi Asiya ilə ticarətində mühüm rol oynayır, Türkiyə isə öz növbəsində Azərbaycan və Özbəkistanın Avropa, Yaxın Şərq və Afrika ilə ticarətində körpü rolunu oynayır".

Məlumat üçün qeyd edək ki, Türkiyə indiyədək Rusiya da daxil olmaqla, bir sıra ölkələrlə sadələşdirilmiş gömrük dəhlizi rejimləri tətbiq etməyə başlayıb. Azərbaycanla belə dəhlizin yaradılması ideyası 2016-cı ildə irəli sürülüb. O zaman Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini olan Səfər Mehdiyevin Türkiyəyə səfəri çərçivəsində ticarətin təhlükəsizliyini təmin etmək məqsədilə iki ölkə arasında hərəkət edən mal və nəqliyyat vasitələri üçün "sadələşdirilmiş gömrük dəhlizi"nin tətbiq edilməsi məqsədilə memorandum layihəsinin hazırlanması barədə razılıq əldə edilib. "Türkiyə ilə Azərbaycan arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında anlaşma memorandumu" 2019-cu ilin oktyabrında hər iki ölkənin gömrük orqanlarının rəhbərləri tərəfindən imzalanıb. Həmin ilin dekabrında Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sadələşdirilmiş gömrük dəhlizi qarşılıqlı ticarət əlaqələri olan iki ölkənin gömrük orqanları arasında elektron sənəd mübadiləsi yolu ilə gömrük prosedurlarına sərf olunan vaxtı və xərcləri azaltmaq məqsədi daşıyır. Bir ölkədən çıxarılan mal beynəlxalq səviyyədə qəbul olunmuş sistem üzrə kodlaşdırılır və onun haqqında bütün məlumatlar (malın növü, istehsalçısı, həcmi, dəyəri, daşıyıcı nəqliyyat vasitəsi və sair) idxalçı ölkənin gömrük orqanlarına  göndərilir. Mal idxalçı ölkəyə çatdıqda artıq onunla bağlı bütün məlumatlar gömrük orqanında olduğuna görə əlavə yoxlanma aparılmadan təqdim olunan gömrük bəyannaməsi ixracatçıdan gələn məlumatlarla tutuşdurulur və rəsmiləşmə qısa müddətə həyata keçirilir. Əgər əlavə yoxlanmaya ehtiyac yaranarsa, bu zaman idxalçı subyekt malı gömrük orqanlarının müvəqqəti saxlama anbarlarında deyil, öz anbarında saxlamaq hüququ əldə edir. Beləliklə, onun malın saxlanması üçün əlavə xərci çıxmır. Türkiyə ilə Rusiya arasında imzalanmış razılaşmalar çərçivəsində 2008-ci ildən etibarən Rusiyanın bir neçə aeroport və limanında belə dəhlizlər fəaliyyət göstərir.

Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, həm də ikinci böyük ticarət tərəfdaşıdır. Bu ilin birinci yarısında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 31,8 faiz artım nümayiş etdirməklə 2,9 milyard dollara çatıb. Bunun 1,9 milyard dolları bizim qardaş ölkəyə ixracımız, 1 milyard dolları isə oradan idxalımızdır.

Ölkələr arasında gömrük prosedurlarının sadələşdirilməsi qarşılıqlı ticarət dövriyyəsinin daha da artmasını şərtləndirəcək.

İqtisadçı alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, son illər Azərbaycan və Türkiyə arasında imzalanmış anlaşmalar, o cümlədən iki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi, preferensial ticarət rejimi ölkələrin qarşılıqlı iqtisadi və ticari əlaqələrini genişləndirib: "Bu ilin 5 ayının yekunlarına əsasən, Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində 11.9 faizlik payla ikinci yerdədir. İlk sırada enerji məhsulları ixrac etdiyimiz İtaliyadır (37.4  faiz). Mühim məqamlardan biri qeyri-neft ixracatımızda Türkiyənin ilk sırada olmasıdır. Belə ki, ötən il daxil olmaqla əvvəlki dövrlərdə Rusiya neftdən kənar ixracatımızda birinci olsa da artıq Türkiyə öndədir. Belə ki, ötən ilin yekunlarında qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiya 32,3, Türkiyə isə 24,9 faiz paya malik idi. Artıq Türkiyənin payı 32,8 faizə yüksəlib, Rusiya isə 22.2 faizə sahibdir. Bu isə o deməkdir ki, Azərbaycana neftdənkənar ixracatdan daxil olan hər 100 dolların 32 dollarından çoxu Türkiyənin payına düşür. İki qardaş ölkə arasında ümumi ticarət dövriyyəsinin 2023-ci ilin sonunda 15 milyard dollara çatdırılması hədəflənir. İqtisadi əlaqələrin inkişafı strateji mütəffiqlik üçün vacib şərtlərdəndir. Nəticələr ümidvericidir".

Millət vəkili bildirir ki, Türkiyə ilə Azərbaycan arasında 15 mal nomenklaturası üzrə preferensial ticarət rejimi var: "Bu da qarşılıqlı ticarətin həcminin artmasına müsbət təsir göstərir. Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması mal və xidmətlərin daha tez və az xərclə ticarətinə imkan verəcək. Bundan əlavə, iki ölkə arasında ticarətdə qarşılıqlı güzəştlərin dairəsinin daha da genişlənməsi gözlənilir. Bu kimi addımlar iki qardaş ölkə arasında əməkdaşlığın, iqtisadi-ticari əlaqələrin daha da dərinləşməsinə gətirib çıxaracaq. Biz bu prosesdən bir sıra istiqamətlərdə qazanırıq. Əvvəla, qeyri-neft idxalımızı diversifikasiya edirik - Rusiyadan olan asılılığımız azalır. İkincisi, öz məhsullarımızı Türkiyəyə ixrac etmək imkanımız genişlənir ki, bu da ölkəyə neftdənkənar valyuta axınının artmasını təmin edir".

Milli.Az