Milli Kino Günü ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı möhtəşəm tədbir keçirib - FOTO

3 Avqust 2022 14:54

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova bütün kino ictimaiyyətini təbrik edib. Ötən il ərzində İttifaqın gördüyü işlər, hazırda davam edən "Şuşa Qürurum Mənim" ssenari müsabiqəsi barədə, təltiflər, edilən yardımlar, tələbə təqaüdləri, xaricə göndərilən ittifaqın üzvləri, bundan əlavə ittifaqın yenicə yerləşdiyi binada aparılması nəzərdə tutulan təmir-bərpa işləri, yaradılacaq kinozallar, müzeylər barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov da kino işçilərini təbrik edib, onlara uğurlar arzulayıb. Tədbirin davamında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibi, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar incəsənət xadimi Rafael Qəmbərov çıxış edərək təbir iştirakçılarını təbrik ediblər.

Daha sonra İttifaqın sədri Şəfiqə Məmmədova Milli Kino Mükafatını təqdim edib. Mükafat 75 illik yubileyi və kinoya verdiyi tövhələrə görə Xalq rəssamı Rafiq Nəsirova verilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Ramiz Fətəliyev də kinoya tövhələrinə görə mükafatlandırılıb. Bundan əlavə "Trend" İnformasiya Agentliyinin əməkdaşı, tanınmış jurnalist Vüqar İmanov da İttifaqla fəal əməkdaşlığına görə Fəxri Fərmanla təltif edilib.

Tədbirin davamında bir sıra veteran kino xadimlərinə və yubliyarlara pul mükafatları, qiymətli hədiyyələr təqdim edilib.

Milli.Az