"Bu, Prezidentin bizlərə növbəti diqqət və qayğısının təzahürüdür"

3 Avqust 2022 14:04

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Prezident İlham Əliyevin bizlərə növbəti diqqət və qayğısının təzahürüdür.

Bunu Trend-ə açıqlamasında Birinci Qarabağ müharibəsinin iştirakçısı, 2-ci qrup əlil Zaur Sadıqov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən müharibə əlilləri və iştirakçıları xüsusi diqqət və qayğı ilə əhatə olunublar.

"Göstərilən bu diqqət bizlərin sosial rifahının yaxşılaşdırılması üçün atılan addımlardan biridir. Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə öz təşəkkürümü bildirirəm",- deyə Z.Sadıqov bildirib.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin məbləği I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manatdır.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:

- 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;

- Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;

- Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.

Artıq 11 min şəxs bu ödənişlə əhatə olunub.

Milli.Az