Sürücülər yeni qayda ilə nə qədər sığorta haqqı ödəyəcək? - Hesablama

3 Avqust 2022 12:12

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"nı təsdiqləyib.

Yeni qayda ilə avtomobillərin icbari sığorta haqqının (NSMMİS) hesablanması dəyişib.

Milli.Az bildirir ki, APA yeni qaydalarla avtomobillərin icbari sığorta haqqının hesablanmasını araşdırıb.

Belə ki, indiyə kimi avtomobillərin icbari sığorta haqqı hesablanması avtomobilin mühərrikinin həcmi və Bonus-Malus balları əsasında aparılırdı. Yeni qayda ilə sözügedən amillərlə yanaşı, avtomobilin növü, istehsal tarixi, sürücünün yaşı və sürücülük təcrübəsi, avtomobilin sürüldüyü region da nəzərə alınacaq.

Yeni qaydada avtomobillərin icbari sığortasının hesablanması üzrə baza məbləği dəyişməyərək 50 manat saxlanılıb.

Bununla belə, avtomobil sürücülərinin yaşı və təcrübəsi az olduqda tətbiq edilən sığorta haqqı da artacaq. 1 ilədək təcrübəsi olan sürücülər üçün sığorta haqqı 1,35 əmsalı, 2-5 il təcrübəsi olanlar üçün əmsal 1,2-1,3 əmsalına vurulacaq.

Sığorta haqqına təsir edən digər amil sürücünün yaşıdır. Belə ki, 16-25 yaşa qədər olan sürücülər riskli sürücü hesab edildiyi üçün sığota haqqının da yüksək tətbiqi nəzərdə tutulub. Eyni zamanda, 65 yaşdan yuxarı sürücülər üçün də sığorta haqqı yüksək əmsalla hesablanır. Yaşa görə ən aşağı əmsallar 30-65 yaş arasında olan sürücülərə şamil ediləcək.

Milli.Az