Arvadını qonşusu ilə yataqda tutdu - Pirşağıdakı cinayətin təfərrüatı

3 Avqust 2022 14:36

CİNAYƏT İŞİ

Qısa arayış...
                                                       
2021-ci il noyabrın 29-da Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin məsul növbətçisinin raportuna əsasən, saat 13:42-də DİN-in 102 xidmətinə Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyasında yaşayan Tacəddin Cəfərov küçədə bir qadının huşsuz vəziyyətdə aşkar edilməsi barədə məlumat verib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Pirşağı qəsəbəsi, Bağlar massivi, nömrəsiz fərdi yaşayış evinin qarşısında arxası üstə uzanıqlı vəziyyətdə, üzü qana bulaşmış halda Ləman Ələsgərovanın meyiti aşkar edilib. Xarici müayinə zamanı boyunda, döş qəfəsində, qarın nahiyəsində, sol əlində və sol bazusunda xəsarət izləri və sıyrıqların olması müəyyən edilib. Cinayətin aləti olan bıçaq evin həyətində tapılaraq, götürülüb.

Həmin gün 1990-cı il təvvəllüdlü Şəhriyar Ələsgərov könüllü bölməyə gələrək təslim olub. O, Sabunçu rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qərarına görə, psixotrop maddələrdən istifadə etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
 
Sabunçu Rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ləman Ələsgərovanın meyiti üzərində 9 ədəd yara aşkar edilib. Ölümünə kəskin qanitirmə səbəb olub. 

İstintaqla müəyyən edilib ki, noyabrın 29-u saat 13 radələrində rəsmi nikahda olduğu arvadı Ləman Ələsgərovanın kirayə yaşadıqları Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən evin yataq otağında tanışları Əlibala İbrahimovla mehriban söhbət etdiyini görüb, ona xəyanət etdiyinə əmin olub. Bundan hiddətlənərək qısqanclıq niyyəti ilə həyat yoldaşını öldürmək qərarına gəlib. Buna görə, ov bıçağını cibində gizlədərək, söhbət etmək bəhanəsi ilə qadını evin həyətinə çıxardıb. Bu məzmunda aralarında baş vermiş sözlü mübahisədən sonra hücum edib, onun bədən səthinə bıçaqla ardıcıl zərbələr endirib. Ləman Ələsgərova aldığı zərbələrdən ölüb. 

İş üzrə dindirilmiş Şəhriyar Ələsgərov bildirib ki, Ləman Ələsgərova ilə 2013-cü ildə evlənib. Nikahdan 3 qız övladları dünyaya gəlib. Fərdi qaydada usta kimi çalışıb:

"2019-cu ildən etibarən ailədə tez-tez münaqişə baş verirdi. Arvadımın valideynləri ailə işlərimizə qarışırdı. Bir müddətdən sonra, evdə olmadığım vaxt Ləmanın yaşadığımız  massivdə Könül adlı qadının yanına getdiyini qızım Zəhradan öyrəndim. Hansı səbəbə görə Könülün yanına getdiyini soruşduqda, Ləman həmin ünvana getmədiyini dedi. Könül xanımla görüşüb, Ləmanın orada olub-olmaması ilə maraqlandım, qadın Ləmanın narkotik vasitə qəbul etdiyini və Taleh adlı şəxslə görüşdüyünü bildirdi. Talehlə münasibətinin olub-olmaması ilə maraqlandıqda, Ləman heç kimlə yaxınlıq etmədiyini söylədi. Ailə münaqişələri zamanı arvadım "102" xidmətinə zəng edib, mənim onu döyməyim barədə məlumat verdi. Ləmanın əsassız şikayəti əsasında, bir dəfə inzibati qaydada həbs olundum". 

Şəhriyar arvadının Talehlə görüşməsinin şahidi olub:

"Ləmanı həmin şəxsin idarə etdiyi "Niva" markalı avtomobilin arxa oturacağında gördüm. Evdə yoldaşımı sorğu-sual edərkən, video çəkiliş apardım. Övladlarıma görə arvadımı bağışlasam da, sentyabrın 27-də o, uşaqları evdə tək qoyub, çıxıb getdi. Ləmanın itkin düşməsi ilə əlaqədar 14-cü Polis Bölməsinə  məlumat versəm də, arvadım bölməyə gedib itkin düşmədiyini və öz xoşu ilə evdən çıxıb getdiyini bildirdi. Bu hərəkətindən sonra, artıq boşanmaq qərarına gəldim və Sabunçu rayon Məhkəməsinə müraciət etdim. Hadisədən 10 gün əvvəl arvadım zəng edib, onunla barışmaq istədiyini dedi. Görüşüb Ləmanın Pirşağı qəsəbəsində kirayədə yaşadığım evə apardım. Həmin ev Mehriban adlı qadına məxsus idi. Ləmana axırıncı dəfə inanıb onunla yenidən yaşamağa qərar verdim və övladlarımı da həmin evə gətirdim". 

Şəhriyar noyabrın 29-da pəncərədən, Ləmanın olduğu otağa Mehribanın qardaşı Əlibalanın gəldiyini, onların çox səmimi şəkildə quçaqlaşıb, öpüşmələrini görür: 

"Yaxınlaşıb qapını döydüm. Qapını açan da hər ikisi həyəcanlı vəziyyətdə yerlərində donub qaldılar. Marketə getmək adı ilə çölə çıxartmaq istəyərkən Ləman mənimlə  mübahisə etməyə başladı, Əlibala isə çölə çıxdı. Ona uşaqların yanında mübahisə etmək istəmədiyimi, onları sakitləşdirib başqa otağa keçirtməyimi bildirdim. Pəncərənin kənarında olan bıçağı götürüb, gödəkçəmin cibinə qoydum. Sonra Ləmanla küçəyə çıxdıq. Ləman yüksək səslə mübahisə etdi ki, yoldan keçən insanlar bunu eşitsin. Əynindəki gödəkçəsindən tutub, onu darvazadan içəri salmağa çalışdım. Söyüşlərindən əsəbiləşib, həmin bıçaqla Ləmana çoxsaylı zərbələr endirdim. Səs-küyə Əlibala gəldi, ona dedim ki, uzaqlaş buradan. Arvadıma xəsarətlər yetirəndən sonra, uşaqları götürmək üçün Əlibalaya qapını açmasını dedim. Əlibala əvvəlcə bıçağı tullamağımı xahiş etdi. Bıçağı yerə atıb yenidən qapını açmasını istədim. Əlibala məni içəri buraxmadı. Küçəyə çıxanda Ləmanın qonşunun qapısının qarşısında, yerdə can verdiyini gördüm. Orada olan tanımadığım qadına polisə və təcili yardıma zəng etdiyini dedi.  Taksi sifariş edərək, atamgilə getdim. Valideynlərimə Ləmanı bıçaqla vurduğumu bildirdim, onlarla sağollaşdım və polisə təslim oldum". 

Zərərçəkmiş şəxsin hüquqi varisi Babək İsmayılov ifadəsində bildirib ki, Goranboy rayonunda yaşayır: 

"Heç vaxt qızımın ailədaxili işlərinə qarışmamışam. Son zamanlar onların münasibətləri kəskinləşib. Eşitdiyimə görə, kürəkən narkotik vasitələrin istifadəçisi olub, işləmirdi və ailəsinə baxmırdı. Sonradan bildim ki, son günlər Ləman Mehriban adlı rəfiqəsinin evində yaşayır. Elə orda baş vermiş münaqişə zamanı Şəhriyar Ləmanı bıçaqlayaraq, qətlə yetirib. Hadisədən əvvəl kürəkənim mənə bildirdi ki, guya arvadı narkotik vasitələrdən istifadə edir. Şəhriyara dedim ki, əgər elədirsə, boşanın, qızımı analıqdan məhrum et və uşaqları da özü saxla". 
 
Şahid Mehriban İbrahimova ifadəsində deyib ki, hadisədən 15 gün əvvəl Ləman Ələsgərova telefonuna ismarıc göndərib: 

"Ləman yazmışdı ki, ərindən ayrılıb, mənimlə birlikdə Pirşağı qəsəbəsindəki bağ evində qalmaq istəyir. Əvvəl imtina etsəm də, sonradan ona yazığım gəldi, etiraz etmədim. Noyabrın 23-də Ləman Şəhriyara zəng edib, görüşmək istədiyini, Mehdiabad qəsəbəsinə gelməsini xahiş edib. Kafedə görüşüb, söhbət edəndən sonra, Ləmanla Şəhriyar barışıb və birlikdə onun evinə gəliblər. Bildiyimə görə, övladlarına həmin ərəfədə Şəhriyarın xalası baxıb. Səhəri gün Şəhriyar uşaqlarını da gətirdi. Noyabrın 29-u səhər saat 10 radələrində yuxudan oyandıqdan sonra Şəhriyarla Ləmanın evdə mübahisə etdiklərini gördüm. Əsəbiləşərək, çıxıb, mübahisələrini çöldə davam etmələrini bildirdim. Hər iksi evi tərk etdi. Təxminən 2 saatdan sonra Ləman qayıdıb, mənə, bacım Səyyarəyə və qardaşım Əlibalaya Şəhriyarın onu öldürmək istədiyini dedi. Sonra müəyyən işləri ilə əlaqədar evdən çıxdı. Yolda olanda narahat olduğum üçün Ləmana zəng etsəm də, Şəhriyar cavab verdi. O, arvadını öldürdüyünü bildirəndə, dərhal evə qayıdıb, küçədə Ləmanın meyitini gördüm".

Şahid Əlibala İbrahimovun sözlərinə görə, bacısı Mehribanın evində qalmağa gələn Ləman Ələsgərova ilə yaxın münasibəti yaranıb. Onunla cinsi əlaqədə olub. Noyabrın 29-da Ləmanla əri Şəhriyar çöldə mübahisə edəndə, uşaqlarla birgə cizgi filminə baxırmış: 

"Bir neçə dəqiqədən sonra digər bacısı Səyyarə pəncərədən məni çağıraraq, Şəhriyarın Ləmanı vurduğunu bildirdi. Qapıya çatanadək qışqırıq səsini eşitdim. Çölə çıxanda Şəhriyarın sağ əlində bıçağın olduğunu, artıq Ləmana xəsarətlər yetirdiyini gördüm. Həmin vəziyyətdə ona yaxınlaşmaqdan çəkindim, düşündüm ki, Şəhriyar məni də vura bilər. Tez evə qayıdıb, qapını bağladım. Şəhriyar qapını açmağımı və övladlarını verməyimi tələb etsə də, qapını açmadım. 5-10 dəqiqədən sonra Şəhriyar uzaqlaşdı. Ləmanın qonşu qapının qarşısında hərəkətsiz uzandığını gördüm". 

O, əlavə edib ki, hadisə günü bacım Mehriban ona Ləmanla olan münasibətinə son qoymağı deyib: "Buna görə yataq otağına girib, Ləmanla söhbət etdim. Ləman məni qucaqlayanda, çox güman ki, Şəhriyar görüb".

Əlibalanın digər bacısı Səyyarənin sözlərinə görə, üz-üzə dayanarkən, Ləman Şəhriyara deyib ki, "kişi deyilsən, vur də". Şahid əlavə edib ki, təqsirləndirilən şəxs yalan ifadə verib, nə o, nə də ailə üzvləri narkotik vasitə qəbul etməyiblər:

Qeyd edək ki, məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, Şəhriyar Ələsgərovda psixotrop maddə - metamfetamin qəbulu nəticəsində asılılıq sindromu aşkar edilib, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. 
 
Məhkəmə iclasında Şəhriyar Ələsgərov ittiham üzrə özünü təqsirli bilib. 
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
 
Məhkəmə hesab edib ki, Şəhriyar Ələsgərovun əməli düzgün olaraq CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə tövsif olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Ələsgərov cəzasını ciddi rejimli Cəzaçəkmə müəssisəsində çəkməklə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az