Ağ Evdən Pelosinin Tayvana səfəri ilə bağlı AÇIQLAMA

3 Avqust 2022 07:14

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Vaşinqtonun "vahid Çin" siyasəti ilə ziddiyyət təşkil etmir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi brifinq zamanı bildirib.

"Əlbəttə, biz Konqres üzvlərinə gəldikdə həmişə etdiyimiz kimi, onun səyahətini izləyirik. Bölgədə səyahət edərkən onun təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görmüşük. Açıq deyim: spikerin səfəri bizim çoxillik "vahid Çin" siyasətimizə tamamilə uyğundur. Biz açıq şəkildə bildirdik ki, bizim "vahid Çin" siyasətimizdə heç bir dəyişiklik yoxdur", - deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ rəsmiləri hesab edirlər ki, Pekin N.Pelosinin Tayvana səfərinə cavab olaraq uzunmüddətli perspektivdə addım atmağa davam edəcək.

O əlavə edib ki, Birləşmiş Ştatlar administrasiyası Tayvanın müstəqilliyini dəstəkləmir və bu yaxınlarda bu mövqeyi ən yüksək səviyyədə Çin hakimiyyətinin diqqətinə çatdırıb.

O, ABŞ-ın Çinlə münaqişə istəmədiyini bildirib: "ABŞ böhran istəmir və buna can atmır".

Milli.Az