“Bu o deməkdir ki, hamı dövlətin diqqətindədir"

2 Avqust 2022 17:18

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi, onların bütünlükdə qayğı ilə əhatə olunması dövlətin müharibə iştirakçılarına göstərdiyi diqqətin növbəti təcəssümüdür və eyni zamanda möhtərəm Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin əsas istiqamətlərindən biridir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O bildirib ki, buna əslində sosial dəstək proqramının davamı da demək olar. "Çünki proses geniş spektrlidir və uzun illərdir həyata keçirilir. Bu dəfə də minlərlə insanı əhatə edəcək məlum proqram heç şübhəsiz ki, çoxlu sayda ailənin sevincinə səbəb olacaq.

Bir daha deyirəm. Bu, yeni iş deyil. Bu, hər zaman görülən işdir. Bu, dövlət siyasətinin prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında da dəfələrlə vurğulayıb ki, müharibə iştirakçıları bizim üçün çox əziz və qiymətlidir. Dövlət başçısı hər zaman qəhrəman övladlarımıza hörmət və ehtiramla yanaşıb, eyni zamanda hamıya da tövsiyyəsi bu olub ki, qəhrəmanlarımıza diqqətlə yanaşılsın, həmin qəhrəmanlar öz üzərlərində daim layiq olduqları qayğı və ehtiramı hiss etsinlər", - deyə deputat bildirib.

O qeyd edib ki, haqqında danışılan birdəfəlik ödəmələr məlum olduğu kimi Birinci Qarabağ müharibəsi əlillərinə şamil olunub. "Bu isə o deməkdir ki, dövlət tərəfindən kimsə unudulmur, hamı dövlətin diqqətindədir, bütün qəhrəmanlarımız haqq etdikləri hörmət və ehtiramla əhatə olunub", - deyə o əlavə edib.

Milli.Az