Ermənistan Azərbaycanı savaşa təhrik edir - Bütün variantlar nəzərdən keçirilir

2 Avqust 2022 17:10

"Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazisində ermənilərin törətdiyi təxribatlar geniş vüsət alır".

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, regionda sülh, təhlükəsizlik və sabitliyin qorunması baxımından sülhməramlılar, eləcə də rəsmi Kreml adekvat addımlar atmalıdır:

"Demək olar ki, hər gün atəşkəs rejimi pozulur, Azərbaycanın mövqeləri intensiv olaraq atəşə tutulur. Belə olan təqdirdə anti-terror əməliyyatları keçirtməkdən başqa Azərbaycanın bir çıxış yolu qalmır. Lakin nəzərə almaq lazımdır ki, kənar oyunçular regionda sülh quruculuğu ilə bağlı böyük məsafə qət ediblər, sülh gündəliyinə uyğun olaraq bir sıra önəmli addımlar atılıb. Lakin Ermənistan tərəfi həm səngərlər qazır, həm silahlanır, həm də Azərbaycan tərəfinə qarşı silahdan istifadə edir.

Xüsusilə qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli birgə bəyanatın 4-cü maddədi implementasiya olunmur. Rusiya sülhməramlıları regiona yerləşdikdən sonra Ermənistan tərəfinin silahlı hərbi birləşmələri Azərbaycan ərazisini tərk etməli idilər, lakin 1 ilyarım ərzində onlar nəyinki regionu tərk etməyiblər, əksinə müxtəlif təlim və seminarlar keçiriblər və Laçın dəhlizi vasitəsilə qeyri-qanuni yollarla regiona silah daşınılması da həyata keçirilib.

Bütün bunlar dözülməz bir mənzərəni formalaşdırır. Azərbaycan artıq anti-terror əməliyyatlarının həyata kleçirilməsi ilə bağlı da geniş şəkildə düşünür. Regionda sülh, təhlükəsizlik və sabitliyin qorunması baxımından Rusiya sülhməramlıları, eləcə də rəsmi Kreml də adekvat addımlar atmalıdır. 

2022-ci ilin birinci yarımilliyinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev həm Moskva, həm də İrəvan tərəfinə çox ciddi xəbərdarlıqlar etdi. Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahından gəlmiş rəsmi şəxslə görüş zamanı Azərbaycan tərəfi öz qəti mövqeyini bildirdi və Azərbaycan tərəfinə bildirilib ki, regionda olan erməni silahlıları buranı tərk edəcəklər. Təəssüflər olsun ki, verilmiş zaman kəsiyində də bu hərəkətlər icra olunmadı, erməni silahlıları regionu tərk etmədi.

Ona görə də Azərbaycan qanunsuz erməni silahlılarının regionda qalmasından ciddi şəkildə narahatdır. Bu, həm də təhlükəsizlik arxitekturasına zərbə vurmaqla yanaşı eskalasiya təhdidlərini də gücləndirir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış öz sərhədləri çərçivəsində BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq siyasi, hüquqi və hərbi prosedurlar icra edə bilər.

Buna görə də regionda sülhün yaradılmasında marağı olan tərəflər Ermənistan tərəfinə təzyiq etməlidirlər ki, regionda erməni silahlıları qalmasın və yaranmış vəziyyətin dinc, siyasi və diplomatik yollarla həlli mümkün olsun. Əks təqdirdə Azərbaycan bütün variantları nəzərdən keçirəcək: Regionu hərbisizləşdirmək, əhalimizin təhlükəsizliyini qorumaq baxımından praktiki addımlar da atıla bilər".

Təhməz Əsədov
Milli.Az