“Bəşəriyyətin ortaq dəyəri - "Qobustan" sənədli filminin təqdimatı keçiriləcək

2 Avqust 2022 12:00

Qobustan Milli Tarix-Bədii Qoruğu tərəfindən 3 avqust 2022-ci il tarixində saat 11:00-da"Park inn Hotel Baku"da qoruğun sifarişi ilə ərsəyə gələn  "Bəşəriyyətin ortaq dəyəri - "Qobustan" sənədli filminin və "Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu" adlı kataloqun təqdimat mərasimi keçiriləcək.

Tədbirdə "Qobustan - Cingirdağ-Yazılıtəpətə və Sona qaya petroqliflərinin korpusu"  kataloqunun təqdimatı olacaq,"Bəşəriyyətin ortaq dəyəri - Qobustan"sənədli filminə baxış keçiriləcək. Tədbir çərçivəsindəqoruğun nəşr etdirdiyi kitab, jurnal  və bukletlərdən  ibarət sərgi təşkil olunacaq. Sərgini canlı musiqi (trio)müşayət edəcək.

Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin öyrənilməsi Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir. Elmi-tədqiqat müəssisəsi kimi qoruqda yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır.Bununla yanaşı qoruq elmi-tədqiqat işlərinin nəticələri barədə ictimaiyyətin məlumatlandırılması işini də diqqətdə saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də "Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu" adlı kataloqun nəşridir. 
2016-cı ildə Qobustan qoruğunda "Qobustan qayaüstü incəsənətinin rəqəmsal məlumat bazasının yaradılması" layihəsinə başlanılıb.Müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaq məqsədi daşıyan layihədə sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub.Tədqiqat layihəsinin ilkin nəticələri "Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu" adlı kataloqda əksini tapıb.

Qobustan Milli Tarix-Bədii Qoruğu həmçinin  Qobustan abidələrinin ölkə və beynəlxalq səviyyədə təbliği işini də bütün mümkün  imkan və vasitələrlə davam etdirir. Bu məqsədlə mütəmadi tədbirlər həyata keçirən qoruğun bu istiqamətdə təqdim etdiyi yeni layihə "Bəşəriyyətin ortaq dəyəri - Qobustan"sənədli filmidir. Qobustan Milli Tarix-Bədii Qoruğunu sifarişi ilə ərsəyə gələn film dünyanın ilk  sivilizasiya mərkəzlərindən biri olan Qobustan abidələrindən, burada aparılan elmi-tədqiqat işlərindən bəhs edir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az