Ermənistanın sülh əleyhinə təxribatları artır - düşmən “Dəmir yumruq” həvəsində...

2 Avqust 2022 18:12

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Ötən həftənin sonu erməni tərəfi yenə silahlı təxribata əl atdı. Düşmən yenə 10 noyabr razılaşmasını pozdu və sülh əleyhinə provokativ hərəkətlərə yol verdi. Təbii ki, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması heç bir nəticə verə bilməzdi, müzəffər Ordumuz düşməni susdurdu, yerinə oturtdu, amma bu hadisələrin və gərginliyin yaşanması hansı dairələrə xidmət edir?

Nə üçün Ermənistan sərhəddə atəşkəsi pozur, Qarabağda qalan separatçı silahlı birləşmələr də onlardan geri qalmayaraq mövqelərimizi atəşə tutur? Ümumiyyətlə, gedişat yeni təmas xəttinin yaradılması cəhdinə oxşayır. "Yeni Müsavat" bildirir ki, buna cavab olaraq iyulun 30-da müdafiə naziri Zakir Həsənov xidməti müşavirədə ordu generallarına qəti tapşırıqlar verdi, döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını tapşırdı, eyni zamanda təxribatlara dərhal cavab verilməsini əmr etdi. Bu tapşırıq göstərir ki, ermənilərin bir dəfə də başının əzilməsinin vaxtı yetişib.

Bildirək ki, düşmən ordusunun bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Həmçinin bundan əvvəl Tərtər, Ağdam, Xocavənd, Xocalı istiqamətlərində də mövqelərimiz atəşə tutulmuşdu. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın "Qarabağn yekun statusu olmadan da Azərbaycanla sülh sazişi bağlana bilər, Qarabağ ərazi məsələsi deyil, oradakı ermənilərin təhlükəsizliyini təminatı mühümdür" bəyan etdiyi bir vaxtda sərhəddə və Qarabağda silahların işə düşməsi hansı maraqlara xidmət edir? Bu, sülh prosesini pozmaq, sülh və insanlıq əleyhinə növbəti hərəkətlərə yol verməkdir. Amma İrəvanın bundan nə qazanacağı aydın deyil.

Çünki bölgədə gərginlik, sülh müqaviləsinə doğru danışıqları sıfırlamaq siyasəti Ermənistana baha başa gələ bilər. Ordumuzun "vur" əmri alması göstərir ki, "Dəmir yumruq" yerindədir və hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq. Eyni zamanda sülh olmadan regionda normal əməkdaşlıq qurmaq mümkün deyil. Bəs Ermənistan nə istəyir - qan, yoxsa sülh? Üstəlik, erməni tərəfi və mediası xəbərlər yayır ki, liderlərin görüşünə hazırlıq gedir. O zaman Kəlbəcəri, Laçını atəşə tutmaqla nəyə nail olmaq hədəfi var?

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, ermənilərin həm Ermənistan-Azərbaycan sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdən atəşkəsi intensiv pozması, müxtəlif təxribatlara əl atması təbii olaraq, Azərbaycanı da adekvat və təsirli addımlar atmağa vadar edir. Onun sözlərinə görə, 21 ay 22 gün əvvəl rus sülhməramlılarının nəzarətindəki ərazilərdən çıxarılmalı olan ermənilərin hələ də həmin ərazilərdə qalması, üstəlik, döyüş mövqeləri hazırlayıb, oradan Azərbaycan Ordusunun birbaşa nəzarətindəki ərazilərə, hərbçilərimizə atəş açması tərəfimizdən separatçı rejimin daha təsirli və səmərəli şəkildə cəzalandırılmasını şərtləndirir: "Zəngəzur dəhlizinin bu günə qədər açılmaması, rusların nəzarətində olan ərazilərdən erməni silahlılarının çıxarılmaması, həmçinin azərbaycanlı əhalinin doğma yurd-yuvalarına qayıtmaması Ermənistanın birgə bəyanatda üzərinə götürdüyü məsələləri yerinə yetirməməsi kimi də dəyərləndirilə bilər. Bu isə Azərbaycanın da həmin birgə bəyanatdan imzasını geri çəkməsinə, başqa sözlə desək, vəziyyətin 9 noyabr 2020-ci il tarixinə qayıtmasına səbəb ola bilər. Baş verən hadisələr bir daha onu göstərir ki, Ermənistan və rusların müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarında hələ də mövcud olan qanunsuz rejim təxribat fəaliyyətlərindən əl çəkmək niyyətində deyil. Onlar bu əməllərində ən qısa müddətdə dəyişiklik etməsələr, ciddi şəkildə Azərbaycan tərəfindən cəzalandırılacaqlar".

Milli.Az