ABŞ yenə Xankəndidə yuva salan separatçılara qucaq açdı: Senatdan anti-Azərbaycan qərarı

2 Avqust 2022 18:28

Gələn ilin büdcəsində "minaların təmizlənməsi" adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsi təsdiqlənib; Ukraynada, Gürcüstanda, Moldovada separatçıların gününü "göy əski"yə bükən Amerika Azərbaycana gələndə kriminal rejimi subyekt olaraq tanıyır

Ötən həftəsonu ABŞ Senatı 2023-cü il büdcəsində "minaların təmizlənməsi" adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsini təsdiqləyib. "Yeni Müsavat" qeyd edir ki, 2022-ci il büdcəsində Qarabağa maliyyə yardımı ayrılsa da, 2023-cü il dövlət büdcəsində bunun olmayacağı gözlənilirdi. Amerika Erməni Konqresi bununla bağlı kampaniya aparacaqlarını açıqlamışdı.

Görünür, erməni lobbisi hədəfinə çatıb. Bu, əlbəttə ki, Azərbaycan üçün yaxşı xəbər deyil. Düzdür, sənəd tövsiyə xarakteri daşıyır. Yəni ola bilər Bayden administrasiyası gələn ilin büdcəsində Qarabağa maliyyə yardımı ayrılmasına razılaşmasın. Lakin əksi də mümkündür. İstənilən halda, mahiyyət dəyişmir. Belə çıxır, Ukraynada, Gürcüstanda, Moldovada separatçıların gününü "göy əski"yə bükən ABŞ Azərbaycana gələndə tam başqa mövqe sərgiləyir və hələ də Qarabağdakı kriminal və oyuncaq rejimi de-fakto müstəqil subyekt olaraq tanıyır.

Axı "Dağlıq Qarabağ"a hansı yardımdan söhbət gedə bilər? Üstəlik, orada indi əsas söz sahibi separatçılardan daha çox ABŞ-ın qanlı-bıçaq olduğu Rusiya və onun sülhməramlı kontingentidirsə, niyə Vaşinqton onları dəstəkləyir?  Yəni bu, hər şeydən əvvəl Azərbaycanın ərazi bütövlüyünə ABŞ-dan növbəti sayğısızlıqdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bizdə yalnız Qarabağ iqtisadi zonası var. Qarabağ ermənilərinə hansısa xarici dövlətin yardımı da yalnız Azərbaycan üzərindən reallaşa bilər. Lakin qanunu hələ prezident Cozef Bayden imzalamalıdır, ona görə ümid var ki, düzəliş qəbul olunmaya da bilər. Hər halda, ilin axırına qədər vaxt var. Ancaq buna qədər rəsmi Bakı hərəkətə keçməlidir, diplomatik və lobbiçilik fəaliyyəti nəticəsində qarşısını almalıdır. Bəs buna nail ola biləcəkmi? Ümumiyyətlə, ön tədbirlər nələr olmalıdır?

Milli.Az xəbər verir ki, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev "Yeni Müsavat"a bildirdi ki, həmişə ikili standartlarla üzləşmişik: "İstər Amerika, istər Minsk Qrupu, istərsə digər beynəlxalq təsisatlar olsun, həmişə qərəzli olublar. Amma BMT-də biz istəyimizə nail olub 44 günlük müharibə apardıq, torpaqların böyük hissəsini azad etdik. Sadəcə, Amerika Senatı bundan əvvəl də ermənilərə yardım edib. Əslində ABŞ üçün 2 milyon böyük vəsait deyil. Ancaq lap 2 qəpik olsun, biz haqlı olaraq etirazımızı bildirməliyik. Sadəcə, bu təşəbbüsü Amerikadakı erməni assambleyası qaldırır və lobbi işi görür. Erməni lobbisinin apardığı kampaniyanı anladıq, bəs ABŞ Senatı niyə onun təsiri altına düşür? Nə üçün ABŞ separatçılara qucaq açmalıdır? Biz buna etiraz etməliyik. Əslində təəccüblü deyil, çünki Amerika PKK və YPG kimi terrorçu dəstələri də maliyyələşdirir. İndi Azərbaycanda bəziləri Vaşinqtonun bu addımlarına susur. Bizsə susmaq fikrində deyilik. Rəsmi Bakı da, siyasətçilər də bu məsələ ilə bağlı Amerikaya mövqeyini çatdırmalıdır. Niyə "demokratiya beşiyi" kriminal rejimə maliyyə ayırmalıdır?"

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Senatın bu qərarı ABŞ kimi bir ölkənin lobbi qruplarının əlində qaldığının da nümunəsidir: "Burada dəyişən siyasi maraqlar da rol oynayır. İstisna deyil ki, son günlər Minsk Qrupunu yenidən gündəmə gətirən Vaşinqton Bakıya qarşı bu "kartı" da aktual olaraq saxlayır. Qarabağa maliyyə ayrılması, ümumiyyətlə, bununla bağlı istənilən qərar isə separatçı-terrorçu rejimin de-fakto qəbul edilməsi deməkdir. Rəsmi Bakının prosesin qarşısını alması üçün ilin sonuna qədər vaxtı var. Maraqlı məqamlardan biri 44 günlük müharibədən sonra "minaların təmizlənməsi" və "humanitar dəstək" adı ilə Qarabağa ayrılan Amerika dollarlarının kimlər tərəfindən xərclənməsidir". Ekspertin bildirdiyinə görə, müharibədən öncə bu pullara separatçı-terrorçu rejim nəzarət edirdi: "Müharibədən sonra isə Qarabağda separatçı-terrorçu rejimin qaldığı ərazilərdə Rusiya sülhməramlılarının "hakim" olduğu bəllidir və istisna deyil ki, ruslar bu pulların xərclənməsində də hansısa formada iştirak edirlər. ABŞ Rusiya ilə qobal səviyyədə müharibə aparsa da, Qarabağda eyni ələ oynayır, separatçılığın birgə müdafiəsi aydın görünür".

Siyasi ekspert Ramiyə Məmmədova Bayden administrasiyasının qərarı təsdiqləyəcəyini güman edir: "Bayden bədnam "907-ci düzəliş"in müəlliflərindən biridir. O, Konqresdə ermənilərə maliyyə ayrılması təşəbbüsü ilə çıxış edən siyasətçilərdən olub. Seçkidən əvvəl də deyilirdi ki, prezident olacaqsa, ermənipərəst siyasətini davam etdirəcək. O baxımdan indi "humanitar yardım" adı ilə separatçılara pul göndərməyə hazırlaşırlar. Halbuki nə hüquqi əsası var, nə ABŞ-Azərbaycan əlaqələrini nəzərə alırlar. Hərçənd Baydenin Əliyevə təbrik məktublarında kifayət qədər müsbət aura müşahidə etmək olardı. Bunun ardınca Senatın qanun layihəsi heç yerinə düşmür, Bakı-Vaşinqton münasibətlərini zədələyir. Bütün hallarda ümid etmək olar ki, Bayden qərarı geri çevirəcək, düzü, buna inamım azdır. Üstəlik, minaların təmizlənməsində dəstək bizə verilməlidir. Hazırda azad edilən ərazilərdə minatəmizləmə işlərini əsasən öz resurslarımız hesabına həyata keçiririk, Britaniya, Türkiyə, hətta Rusiya kiçik dəstək verir, amma yetərli deyil. Əfsuslar olsun ki, Bayden ədalət hissini çoxdan itirib və Araikin "təhlükəsizliyinin" dərdini çəkir. Ancaq minalar Xankəndində, Ağdərədə deyil, azad etdiyimiz torpaqlardadır. Bundan əlavə, Senatın bu qərarı "dqr"i ayrıca subyekt kimi legitim görmək anlamı daşıyır. Amerika dövlətinə yaraşmayan bir mövqedir. Biz əlaqələrin inkişafı haqda danışırıq, Blinken isə Minsk Qrupu haqda, İrəvandakı amerikalı səfir "status" barədə dəm vurur, indi də Senat əli qana batmış terrorçu rejimə maliyyə göndərir. Hesab edirəm ki, Xarici İşlər Nazirliyindən sərt nota olmalıdır, Baydenin bu sənədi imzalamaması üçün diplomatik müstəvidə iş aparılmalıdır".

Milli.Az