““Qarabağ” asan rəqib deyil” - Stanislav Çerçesov

2 Avqust 2022 08:22

"Növbəti məşqimizi etdik, səhvləri aradan qaldırdıq. Sabah (bu gün-red) isə "Qarabağ"la oyun üçün Azərbaycana gedəcəyik. Budapeştdən Bakıya yol uzundur. "Qarabağ" da asan rəqib deyil. Onlar "Lex" və "Sürix"i layiqli şəkildə keçdi. "Qarabağ" müntəzəm olaraq avrokubokların qrup turnirlərində çıxış edir. Yəni çətin olacaq, amma bu mərhələdə başqa yol yoxdur".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri Macarıstan "Ferenstvaroş"unun baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi Rusiya mətbuatına açıqlamasında deyib.

Rusiyalı mütəxəssis sonuncu dəfə Azərbaycanın paytaxtına 2010-cu ildə - İqor Ponomaryovun 50 illik yubileyi zamanı getdiyini bildirib: "Bakı gözəl şəhərdir. Lakin biz təbii ki, indi gözəllik ruhunda deyilik. Cümə axşamı  qayıtdıqdan dərhal sonra avqustun 9-na planlaşdırılan cavab oyununa hazırlaşacağıq. Macarıstan liqasında 2-ci tur oyunumuz təxirə salındığı üçün yaxın gələcəkdə bütün fikrimiz "Qarabağ"la oyunla bağlıdır".

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

Milli.Az