Xəzərdə batan balıqçılardan ikincisinin də meyiti tapıldı - VİDEO

30 İyul 2022 13:22

Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində balıq tutarkən batan Sübhan Zöhrabovun meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xəzər dənizinin 28 iyul 2022-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən ikinci şəxsin - Bakı şəhəri, Qaradağ rayonu, Lökbətən qəsəbə sakini 1971-ci il təvəllüdlü Zöhrabov Sübhan Yədulla oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda aşkar edilib və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, digər şəxsin - 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi isə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən bu gün səhər saatlarında tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən hər iki şəxsin axtarışında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası iştirak edib.

Milli.Az