Gürcüstanda helikopter qəzaya uğradı, 8 nəfər öldü - VİDEO

29 İyul 2022 21:14

21:14

Gürcüstanın Qudauri kurort zonasında helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.

Nazir qəza nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.

Qeyd edib ki, həlak olanlardan altısı Gürcüstan DİN-in əməkdaşı, iksisi isə tibb işçisi olub.

Vaxtanq Qomelauri qəzanın səbəblərinin hələ ki dəqiq bilinmədiyini, lakin araşdırmaların aparıldığını deyib.

----------

19:39

Gürcüstanda Sərhəd Polisinə məxsus qəzaya uğrayan helikopterdə 8 nəfər olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslərin dördü ekipaj üzvü, ikisi xilasedici, digər ikisi isə tibb işçisidir.

Hadisə yerinə DİN-nin müvafiq qurumları səfərbər olunub, lazımı tədbirlər həyata keçirilir.

Faktla bağlı hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi üzrə araşdırma aparılır.

----------

18:30

Gürcüstanda qəzaya uğrayan Sərhəd Polisinə məxsus helikopterdə 6 nəfər olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Helikopterdə 7 nəfərin olduğu barədə də məlumatlar var.

Sayla bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Helikopter paraplanın qəzaya uğraması nəticəsində dağ dərəsinə düşən iki şəxsi xilas etməyə çalışarkən idarəetməni itirib, qayaya çırpılaraq yanıb. 

---------

17:46

Gürcüstanın Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nzirliyindən (DİN) bildirilib.

İlkin məlumatlara əsasən, helikopterdə 5 nəfər - iki pilot və üç xilasedici olub.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

DİN daha ətraflı məlumat yayacaq.

Qeyd edək ki, helikopter Qudauriyə paraplanın qəzaya uğraması nəticəsində xəsarət alanların xilas edilməsi üçün yollanıb.

Milli.Az