"Bu zalım dünyada doğulma"nın ulduzu: "Ammaji məğlub olacaq" - FOTO
2 Aprel 2012 14:09
Türkiyədə "Bu zalım dünyada doğulma", Azərbaycanda isə "Amaji" adı ilə tanınan teleserialda M.Malik "Ammaji", N.Şarma "Sia", A.Redij isə "Raqav Sanqvan" rolundadır.
Kamal Pandey, Satiş Kumar Nair, Amit Verma və Raquvir Şövkətin birgə ssenarisi əsasında rejissorlar Anşuman Kişur Sinqh, Dineş Mahadev, Arun Bali, Debaşiş Dar, Raciv Bhonot, Sancay Qoş və İndar Dasın çəkdikləri teleserialın seriyalarının sayı artıq 776-nı keçib.
Milli.Az "Hindustan Times"a istinadən bildirir ki, ilk seriyası 2009-cu il martın 9-da nümayiş edilmiş serialın çəkilişləri davam edir.
"Na Aana Is Des Laado" ("Bu zalım dünyada doğulma") serialında Veerpur adlı kənddə ağalıq edən Ammajiyə qarşı çıxan, sakinlərinin hüquqlarını müdafiə edən Sianın adı artıq Hindistanla yanaşı, Fars Körfəzi ölkələrində doğulan qızlara da verilir.
Mumbayın şərqində yerləşən Qoreqaon qəsəbəsindəki pavilyonlarda çəkilən teleserialın istehsalçısı olan "Shakuntalam Telefilms" kinostudiyasının prodüseri Şyamaşiş Battaçaryanın dediyinə görə, onlar son seriyanın nə zaman çəkiləcəyini hələ bilmirlər: "Teleserial çox populyar oldu və sözün açığı, seriyaların sayının bu qədər olacağını gözləmirdik. Son seriyanın ssenarisi hələ yazılmayıb".
Filmin baş qəhrəmanı olan Sia rolunu oynayan Nataşa Şarma "Asian Times"a verdiyi müsahibəsində bildirib ki, oynadığı serialın qəhrəmanı axına qarşı gedən qızdır.
"Həyat bəzən elə ağır olur ki, üzləşdiyi çətinliklər qarşısında qalan insan "Bu zalım dünyada doğulma" deyir. Lakin dünya zalım deyil, bəzi insanlar zalım olmaq istəyirlər. Serialla bağlı yalnız onu deyə bilərəm ki, həmişə olduğu kimi, Xeyir Şərə qalib gələcək və Ammaji uduzacaq", - Şarma söyləyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Colors/ViaCom