Həzrət İbrahim Xəlilin quşları kəsib, bir-birlərinə qatmaq hekayəsindəki məna

4 Avqust 2022 21:20

Bu Quran hekayəsini bir çox insanlar eşidiblər. Həzrət İbrahim (ə) məada yəqinlik əldə etmək üçün Allahdan istəyir ki, məadı bu dünyada ona nümayiş etdirsin.

"(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: "Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər". Dedi: "Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?". Dedi: "Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)".

Dedi: "Belə isə, dörd (növ) quş götür, (cisimlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır və(onları) tikə-tikə doğra(yıb bir-birinə qat). Sonra (bu ətrafdakı) hər dağın başına onlardan bir parça qoy. Daha sonra onları çağır, sürətlə sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir". ("Bəqərə" 260).

Bu ayədə də deyildiyi kimi, Allah Təala Öz peyğəmbərinə (ə) əmr edir ki, dörd növ quş götürsün və onların başını kəsib, ətlərini bir-biri ilə qarışdırsın.

Onlardan on hissə ayırsın. Onların hər birini dağın bir hissəsinə qoysun. Sonra yerində əyləşib, Allahın izni ilə o quşları çağırsın. Onlar diriləcək və sənə tərəf uçacaqlar.

Həzrət İbrahim (ə) də belə edir. Onlar dirilib İbrahimin (ə) yanına gəlirlər. Onun qəlbi məada inamla dolur.

Mərhum Şeyx Səduq nəql edir ki, bu dörd növ quş ibarət idilər: tovuzquşundan, kərkəsdən, xoruzdan və ördəkdən.

Bu quşların hər biri insanın bir rəzil sifətinə işarə edir.

Tovuzquşu - insanın dünyaya bağlanmasına və dünya sevgisinə işarə edir.

Kərkəs uzun arzulara işarə edir.

Xoruz şəhvət tüğyanına işarə edir.

Ördək hərisliyə işarə edir.

Əgər insan bu dörd sifəti özündən uzaqlaşdıra bilsə, insanlığın ən ali dərəcəsinə çata biləcəkdir.

Milli.Az