Günün hədisi:Təqva ilə dilin əlaqəsi

6 Avqust 2022 23:55

İmam Əli (ə):

وَ لْيَخْزُنِ الرَّجُلُ لِسانَهُ فَانَّ هذَا الِّلسانَ جَمُوحٌ بِصاحِبِه‏. وَ اللَّهِ ما ارى‏ عَبْداً يَتَّقى‏ تَقْوى‏ تَنْفَعُهُ حَتّى‏ يَخْزُنَ لِسانَهُ

"Kişi öz dilini qorumalıdır (yersiz danışmamalıdır). Çünki dil, sahibinə qarşı itaətsizdir. (Əgər cilovunu buraxsa, onu təhlükəli yerə ataraq məhv edər.) Allaha and olsun ki, dilini (yalan, töhmət, qeybət, söyüş, dedi-qodu və bu kimi günahlardan) qorumayan pərhizkar bəndəyə pərhizkarlığının bir xeyir verməsini görmürəm."
("Nəhcül-bəlağə", xütbə 176.)

Qısa izah:

Dil haqqında söz çoxdur, amma bu hədisdə təqva ilə dilin əlaqəsindən söz açılır. Təqva ilə dilin əlaqəsi o qədər sıxdır ki, dili qorumadan təqvalı olmaq mümkünsüzdür! İnsanın dindarlığı, varlığının dəyəri, ruhi-psixoloji inkişafı, bir sözlə, insanlığı dilinin vasitəsilə ölçülür.

Bəli, dil və danışıq qəlbin aynası, əqlin nümayəndəsi, insan şəxsiyyətinin açarı və ruha açılan mühüm qapı kimi yüksək əhəmiyyət daşıyır. Başqa sözlə, ruh aynasında görünənlər (düşüncə və hisslər) dil və danışıqda aşkar olur. Əgər keçmişdə təbiblər orqanizmin səhhətini xəstənin dili ilə müayinə edirdilərsə, müasir psixoloqlar əksər hallarda psixoloji gərginlikləri insanların danışıqlarında arayıb-axtarırlar! Əxlaq alimləri də məhz dil və danışığın islahına xüsusi əhəmiyyət verir, onun islahını ruhi təkamül, fəzilət və əxlaqi səciyyə hesab edirlər.

Dil, yüksək əhəmiyyət daşıması ilə yanaşı, olduqca təhlükəli bir varlıqdır. Təhlükəsi də əhəmiyyətinə görədir. Dil, həmişə insanın ixtiyarında olduğu üçün təhlükə sayılır və ondan çıxan günahlar çox asanlıqla baş verir. Amma ona adət etdiyimizdən, təəssüf ki, dildən çıxan günahların qəbahəti də aradan qalxır.

Daha təhlükəli odur ki, qeybət, töhmət, iftira, yalan, əsassız şaiyələr, söyüş, sözlə başqalarını incitmək, xəbərçilik və bu kimi dildən çıxan günahlar, adətən "həqqün-nas" (camaatın haqqı) kateqoriyasına aiddir. Odur ki, bu üzvü daim qorumalı, onu şiddətli partlayış gücü və qabiliyyətinə malik maddəyə bənzətməliyik. İnsan belə bir maddəyə həssas yanaşdığı kimi, bədəninin ən aktiv üzvü olan dilə qarşı da son dərəcədə diqqətli olmalıdır.

Milli.Az